ABŞ Dövlət Departamentinin baş müşavirinə Azərbaycan-Ermənistan danışıqlarının perspektivləri barədə məlumat verilib
Siyasət

ABŞ Dövlət Departamentinin baş müşavirinə Azərbaycan-Ermənistan danışıqlarının perspektivləri barədə məlumat verilib

Avqustun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi, danışıqların perspektivləri və bölgədə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.

Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd-buraxılış məntəqəsinin "qeyri-legitim" olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.