ABŞ-ın Azərbaycandakı
Siyasət

ABŞ-ın Azərbaycandakı "qara piar" fiqurları

ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə əsassız və qərəzli fikirlər səsləndirib. Cənubi Qafqazda sülhü hər vəchlə əngəlləmək istəyən rəsmi Vaşinqtonun və bəzi pozucu dairələrin qarayaxma kampaniyaları hər gün yenisi ilə əvəz olunur. Amerika dünyada lider dövlət mövqeyində durmaq üçün digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmir. Məhz ölkəmizdə ABŞ-a məxsus USAID kimi şirkətlərin, "Azadlıq", "Amerikanın səsi" kimi radioların da son dönəmlərdə artan pozuculuq fəaliyyəti buna nümunədir.

Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, başladığı yeni inqilab strategiyasını davam etdirir. Rəsmi Vaşinqtonun bu qara planında ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ön sırada durur. Təkcə XXI əsrdə Şərqdə "Ərəb Baharı", bölgədə isə Ukrayna və Gürcüstanın daxilində gerçəkləşən "rəngli inqilab"larda USAID-ın təsiri sübut olunub. Məhz iğtişaş və qarşıdurmaları alovlandırmaq üçün konfranslar keçirən bu təşkilat ABŞ-ın mövqeyini açıq şəkildə əks etdirir. USAID-ın Azərbaycanda aktivliyini artırdığı ötən onillik ərzində qanunsuz keçirilən etiraz aksiyaları və həmin dövrdə bir sıra təşkilatların Azərbaycanı qınayan bəyanatlar yayması bəlli olduğu kimi, sifarişlə başladılan əməliyyatların ilk ssenarisi idi. Lakin ölkəmiz bunların qarşısını qətiyyətlə aldı. USAID Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirməsinə baxmayaraq, zaman-zaman anti-Azərbaycan siyasəti ilə də gündəmə gəlib. Bunun daha bariz nümunəsini isə Vətən müharibəsindən sonra aydın şəkildə gördük. Xocavənd rayonunun 2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərində işğal dövründə USAID tərəfindən tibb məntəqəsinin tikilməsi və lazımi avadanlıqlarla təchiz edilməsi barədə fotolarla birgə məlumatlar yayıldı. Bütün bunlar isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin artıq tarixə qovuşan separatçı rejimə işğal dövründə dəstək verdiyini sübut edir. Bu şərtlər altında ABŞ Beynəlxalq İnkişaf Agentliyi olan USAID-la Azərbaycanın hər hansı bir əməkdaşlıq etməyi qeyri-mümkün görünür.

Amerikanın Azərbaycanı parçalamaq üçün planlaşdırılan daha bir şəbəkəsi isə "Azadlıq" radiosudur. İkinci Qarabağ müharibəsi dövründə "no war"çıların əsas istinadgahı olan bu mətbu orqanı daima ermənilər tərəfindən çıxış etmişdir. Nəzərə alsaq ki, bu radionun Ermənistanda da filialı mövcuddur. Və buna baxmayaraq, müharibə dövründə Ermənistan mediasının belə təkzib etdiyi guya Azərbaycan tərəfindən mülki insanlara raket atılması başlığı altında "Azadlıq" radiosunun tirajları absurd nəticə verdi. Bununla da siyasi avantüra bir daha ifşa olundu və sözügedən mətbu orqanın ABŞ tərəfindən maliyyələşdirildiyi və ölkəmiz əleyhinə qarayaxma kampaniyalarına başlayaraq öz mənsəbindən uzaqlaşdığı bəlli oldu. Məhz bu dağıdıcı ruporun alətinə çevrilən despot orqanda çalışan yerli jurnalistlər də pozuculuq fəaliyyətinin fərqinə varmalı, qarayaxma kampaniyaların aparılmasına rəvac verməməlidirlər. Radionun bütün kursu, fəaliyyəti, təbii ki, Amerikadan müvafiq qurumlar tərəfindən yönləndirilib. Amerikadan idarə olunan radioya ölkənin nəzarəti fasiləsiz xarakter daşıyır. Bundan hər hansı formada kənaraçıxmalar ola bilərsə, bunu birinci növbədə Amerikadakı nəzarətçilər tuturlar, müvafiq tədbirlər görürlər. Vaşinqtondakı erməni lobbisinin maraqlarına tamamilə xidmət edən "Azadlıq" radiosu neytral mövqe sərgiləmək əvəzinə bütün dövrlərdə Azərbaycanın xarici və daxili siyasətini açıq şəkildə tənqid edən qərəzli yazılar tirajlayıb. Radio bu gün Azərbaycan cəmiyyətində baş verən bütün sosial, ictimai-siyasi proseslərə eyni səthi münasibət sərgiləməklə qiymət verir. Radio bütün xəbər və reportajlarında görülmüş işlərə qara yaxır, bir növ cəmiyyətdə mənfi təsəvvür formalaşdırmağa çalışır. Əslində "Azadlıq" radiosunun bu cür fəaliyyətilə məhz "qara piar" kampaniyası ilə gündəmi zəbt edən və radikal müxalifətin təsiri altında olan qəzetlərdən fərqlənmir. Hətta, demək olar ki, "Azadlıq" radiosu Azərbaycanda müxalifətin və erməni lobbisinin ruporu qismində çıxış edir.

"Amerikanın səsi" radiosu da həmkarı ilə eyni siyasəti davam etdirir. "Azadlıq" radiosu ilə birgə bir çox ölkələrdə birtərəfli mövqe sərgilədiyi üçün girişi məhdudlaşdırılan "Amerikanın səsi" ABŞ-ın qarayaxma kampaniyalarının əsas carçılarından biridir. Fasilələrlə 1952-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən bu radio zaman-zaman öz neytrallıq prinsipindən yayındığı üçün xaric edilmişdi. Amerikanın xarici auditoriya üçün nəzərdə tutulmuş yayımlama şirkəti olan Xankəndidə Azərbaycan Prezidentinin hərbi paradı qəbul etməsi, ölkəmizdə Zəfər və bayraq günlərinin qeyd olunması ABŞ-ın agentura şəbəkəsi kimi USAID-ın sifarişlərini yerinə yetirərək Samanta Pauerin maliyyələşdirdiyi qurumun Azərbaycanın qələbəsinə kölgə salan süjetlər yayımlaması heç də təəccüb doğurmadı. Bu kimi qarayaxma kampaniyalar ilk deyil, nə də ki, sonuncu olması güman edilmir. Azərbaycanda Qərbin və Amerikanın agentura şəbəkələrinin sayının artması, rəsmi Vaşinqtonun ölkəmizin daxili siyasətinə burnunu soxmasının göstəricisidir. "Amerika guşələri"nin hər gün tirajlanan qərəzli və ancaq ittihamdan ibarət yazıları heç bir məna kəsb etmir. Keçən ay "Azadlıq" radiosunun Füzuliyə köçürülən soydaşlarımızla bağlı hazırladığı qərəzli reportaj gülünc obyektinə çevrilmişdi. Materialın ilk cümləsi "Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?" ifadəsi ilə başlayırdı. İlk təhlil zamanı isə bütün rəzillik açıq-aydın bəlli olur. Füzulinin Qarabağ iqtisadi rayonun daxilində yerləşdiyini bilməyən "Azadlıq" radiosunun Azərbaycan bürosu mətbuat adına qara ləkədir. "Abzas media", "Toplum TV", "BBC Azərbaycan", "Kanal 13" kimi qurumlar da eyni səriştəsizliyi davam etdirir.

Tacir SADIQOV,

"Respublika".