ABŞ öz hesabatlarından təsir vasitəsi kimi istifadə edir
Siyasət

ABŞ öz hesabatlarından təsir vasitəsi kimi istifadə edir

Əvvəla qeyd edim ki, ABŞ-ın dünyada insan haqlarının pozulması ilə bağlı illik hesabatlar hazırlaması heç də obyektiv mövqeni əks etdirmir. Rəsmi Vaşinqton özünün təsir etdiyi oyuncaq qurumlar vasitəsilə müxtəlif ölkələrə təzyiq göstərməyə çalışır. "Freedom House", "Sərhədsiz reportyorlar", "Amnesty International" kimi təşkilatlar bu və ya digər formada ABŞ-ın qlobal siyasətini həyata keçirməsi üçün vacib elementlərdən hesab olunur. Rəsmi Vaşinqton bu hesabatları hazırlayarkən dünyanın müxtəlif ölkələrindəki hadisələrə "qiymət verəndə" özünün daxilində baş verənləri, yaxud onun yaxın müttəfiqlərinin törətdiyi əməlləri gözardı edir. Xüsusi qeyd etmək lazımdır ki, dünya ölkələrinin heç biri ABŞ-a belə bir funksiyanı verməyib.

Hesabatın Azərbaycana olan hissəsinə nəzər saldıqda isə yenidən Ağ Evin ənənəvi yanaşmasının şahidi oluruq. Belə ki, hesabatda ölkəmizə qarşı əsassız iddialar və ittihamlar yer alıb. ABŞ-ın reallıqdan kənar hesabatında üç əsas istiqaməti qeyd etmək yerinə düşər. Bunlardan birincisi, guya erməni əhalinin Qarabağdan qovulması məsələsidir. İkincisi, dindar şəxslərin həbs olunması, üçüncüsü isə hərbi əməliyyatlar zamanı hansısa pozuntulara yol vermiş hərbi qulluqçuların məsələlərinin araşdırılması ilə bağlı iddialardır. İlk olaraq qeyd etməliyəm ki, Qarabağda uzun müddət fəaliyyət göstərmiş separatçı rejimi dəstəkləyən ölkələrdən biri də məhz ABŞ-dır. Hər il rəsmi Vaşinqton separatçı quruma milyonlarla vəsait yardım göstərməklə torpaqlarımızın 30 il müddətində işğal altında qalmasına səbəb olub. Hələ işğal dövründə keçmiş münaqişənin həlli üçün ABŞ tərəfindən heç bir addım atılmayıb. Ağ Ev də digər həmsədr dövlətlər kimi prosesin uzanmasına, Azərbaycan ərazilərinin işğalını leqallaşdırmağa çalışıblar.

ABŞ tərəfinin Azərbaycanın Qarabağdakı qanunsuz rejimə son qoymaq məqsədilə ötən ilin sentyabrından təşkil etdiyi antiterror tədbirləri nəticəsində guya 100 min ermənini zorla ərazilərdən qovması barədə iddiaları da reallığı əks etdirmir. ABŞ bu məsələlərdə çox da uzaq olmayan keçmişinə dönüb baxmalıdır. Görünür, XXI əsrin ilk illərində Əfqanıstana, İraqa, ardınca da Suriyaya soxulan ABŞ milyonlarla insanın öz evini tərk etməsinə səbəb olduğunu unudur. ABŞ-ın təxribatları nəticəsində təkcə İraqda bir milyondan çox vətəndaş həyatını itirib. Dini məzhəbə bağlılığı olan şəxslərin həbsi məsələsinə gəldikdə isə bu günədək ölkədə belə halın qeydə alındığını iddia etmək absurddur. Bu günədək Azərbaycanda həbs olunan şəxslər dindar adı ilə ölkənin milli maraqlarına xəyanət, başqa dövlətlərə casusluq edən şəxslərdir. Onların cinayət əməlləri aşkarlanaraq haqq etdikləri cəzanı alıblar. Daha bir maraqlı məqam isə ABŞ-ın İranın Azərbaycandakı casuslarının həbs olunmasından keçirdiyi narahatlıqdır.

Azərbaycan hərbçilərinin hərbi əməliyyatlar zamanı guya qanunsuz əməllər törətdiyi barədə iddialara gəldikdə isə ABŞ sosial media üzərindən həqiqəti əks etdirməyən məlumatları "fakt" kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışır. Halbuki Amerikanın İraqı işğalı zamanı ölkənin ərazisində həbs edilən minlərlə insanın Əbu Qreyb həbsxanasında başına gətirilən  dəhşətli hadisələr, qeyri-insani rəftarlar bütün dünyaya məlumdur. Məhz həmin əməllər üzrə dünyanın bir çox mötəbər mətbuat orqanları və təşkilatları tərəfindən gündəmə gətirildi, faktlar ortaya qoyuldu. Nədənsə, ABŞ-ın bu fəaliyyəti araşdırılmadı.

Şübhəsiz, bütün bu reallıqların fonunda Ağ Evin bu cür hesabatlarını etibarlı saymaq mümkün deyil. Bütün dünya rəsmi Vaşinqtonun bu tipli hesabatlarını bir növ təsir vasitəsi kimi qəbul edir. Bu da ABŞ-a heç də fayda vermir. Bu gün Azərbaycan daxildəki bütün proseslərə nəzarət edir. Təbii ki, dövlətimizə qarşı cinayət törədənlər öz cəzalarını çəkməlidirlər.                                         

Oqtay QASIMOV,

politoloq.