Ağdərə - keçmişdən gələcəyə
Region

Ağdərə - keçmişdən gələcəyə

Qarabağdan, Şirvandan, Gəncəbasardan Kəlbəcərə ən qısa yol Ağdərədən keçir.  Əzəmətli dağların əhatəsində yerləşən, ərazisindən Tərtər və Xaçın çayları  keçən,  zəngin təbii sərvətləri, mineral bulaqları ilə məşhur olan, qədim alban abidələrinin mövcud olduğu bu yaşayış məskəni yurdumuzun ən gözəl guşələrindən biridir.

Ağdərədən Kəlbəcərə qədər iki dağın arası ilə uzanan dərin dərəyə  yaz aylarında duman çökür, yol dağlara sarı qalxdıqca  ağappaq, pəmbə duman qatı ayaqlar altına sərilirdi.  Duman, çən bu yerlərin yaraşığı idi. Tərtər çayının yatağı boyunca, gen dərələrin belinə qurşaq kimi dolanan avtomobil yolu bəzən sıldırm qayaların sinəsindən ötür, tuneldən keçərək üzü Kəlbəcərə doğru irəliləyir. Vaxtilə bu ərazidən karvan yolu da keçib. Adı da təbiətin bu nadir gözəllliyini,  ağ dərələri ifadə edir. Qiymətli və zəngin meşə örtüyü Ağdərəyə xüsusi bir gözəllik verir. Yeri gəlmişkən qeyd edək ki,  ərazinin 44 faizini meşələr tuturdu. Tərtər çayı vadisindəki Şərq çinarı meşəsi xüsusi olaraq qorunurdu. İşğal illərində haylar həmin meşələrə vəhşiliklə, qəsddən və qəsbkarlıqla ziyan vurublar, təbiətin xoş ahənginə kirli əlləri ilə qara rəng qatıblar. Ağdərənin səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Ağdərə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Azərbaycan rayonlarından biri olub. 1980-ci ildə əhalinin siyahıya alınmasına görə Ağdərədə azərbaycanlılar,  ukraynalılar, ruslar və ermənilər yaşayıblar. Keçmiş sovet dönəmində qabaqcıl kənd təsərrüfatı rayonu olan Ağdərədə üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq aparıcı sahə idi. 1988-ci ilin statistikasına görə rayonda 53324 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi olub. 15 min hektar əkin yeri suvarma suyu ilə təmin edilib. 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Tərtər çayı üzərində Sərsəng su qovşağı tikilib. Bu kompleks həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə yaradılıb. Anbarda suyun həcmi 560 min kubmetr təşkil edib və ildə 125 milyon kilovat/saat elektrik enerjisi alınıb. Qeyd edək ki, işğal illərində separatçı rejimin nəzarətində olan ərazilər bu stansiyadan istifadə ediblər,  Sərsəng bəndində təmir işləri aparılmadığına görə burada ekoloji təhlükə yaranmışdı. Ağdərədə zəngin faydalı qazıntı yataqları olub. Qızılbulaq yatağında 13,6 ton qızıl,  7,9 milyon ton mis ehtiyatı olub. Mehmana kəndi yaxınlığında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink yataqları, o cümlədən, ehtiyatı 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq, Gülyataq qızıl mədənləri işğalçılar tərəfindən vandallıqla talan edilib.  Bundan başqa,  sənaye ehtiyatları 38080 min kubmetr olan Ağdərə, 623 min kubmetr mişar daşı ehtiyatı olan Şorbulaq-1, Şorbulaq -2,200 min kubmetr gəc yataqları uzun illər ərzində ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib. Onu da qeyd edək ki, işğal altında qalan qızıl yataqları ABŞ, Kanada, İsveç, Fransadan olan iş adamları tərəfindən talan edilib.

Ermənistanın işğalı Qarabağ və Şərqi Zəngəzurun  təbiətinə, onun nadir gözəlliyinə,  daşına, torpağına,  flora və faunasına ciddi və ağır zərbələr vurub. Düşmən bu cənnət yerləri ölü zonaya çevirib.  Mütəxəssislərin qənaətinə görə, Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində, Cənubi Qafqaz regionunda ekoloji tarazlıq pozulub.  İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı həm iqtisadi, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası məhz həmin mədənlərin qanunsuz istismarı ilə bağlı idi. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ermənilərin Qarabağda viran etdikləri ekologiyanı qorumağa çağırırdılar. Maraqlı və həm də ibrət götürüləsi bir mənzərə ilə rastlaşmışdıq. Bir ağacın kəsilməsinə razı olmayan bəzi Avropa ölkələri Qarabağda ermənilərin törətdikləri ekoloji terrora göz yumur, səslərini çıxarmırdılar. Gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir,  ekoloji terrora son qoyulmasını,  erməni separatçıları tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirdilər. Ekofəalların etiraz aksiyaları müsbət nəticə verdi.

Qeyd edək ki, Ağdərə rayonu 1930-cu ildə təşkil edilib.  1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert,  həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.  1989-cu ildə keçmiş sovetlər dönəmində  əhalinin son siyahıyaalınmasına görə,  rayonun 14 kəndində 14 min nəfər azərbaycanlı  yaşayıb.  İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində - Sırxavənd,  Bəşirlər,  Qaraşlar,  Qaralar,  Baş Güneypəyə,  Orta Güney,  Xatınbəyli,  Manikli,  Tellibinə,  Narınclar,  Çərəktar,  İmarət-Qərvənd,  Umudlu,  Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıblar. Tarixi mənbələrə görə, əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərənin  Vəngli kəndində yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə  Ağdərə rayonu ləğv edilib,  ərazisi Tərtər,  Ağdam,  Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin qərara əsasən,  Ağdərə rayonunun 8, Ağdam rayonunun  23 kəndi, Kəlbəcər rayonunun  Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə daxil edilib. Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda qanlı döyüşlər aparılıb. 1992-ci ilin yayında keçirilən hərbi əməliyyatlar nəticəsində Ağdərənin böyük hissəsi işğaldan azad edilib. "Ağdərə əməliyyatı"nın məqsədi Qarabağ silsiləsinin Qərb və mərkəzi hissələrinə nəzarəti ələ keçirmək,  Kəlbəcər-Ağdərə-Tərtər yolunu nəzarət altına almaq və strateji baxımdan əhəmiyyətli yüksəkliklərdə möhkəmlənmək idi. Həmin il iyunun 16-dan 18-nə kimi Ağdərənin Madagiz (indiki Suqovuşan) və Tonaşen (indiki Təpəkənd),  Həsənqaya,  Karmiravan (indiki Qızıloba) və Cerabert (indiki Çiləbürt) kəndləri erməni silahlı dəstələrinin işğalından azad edilib. Qəhrəman əsgər və zabitlərimiz 1992-ci il iyunun 29-da  təxminən 80 nəfərdən ibarət məşhur "Arabo" batalyonunu məhv ediblər. 1992-ci il iyulun 4-də Azərbaycan Ordusunun bölmələri Ağdərə şəhərinə daxil olublar. Buna qədər isə düz bir il Ağdərə istiqamətində qanlı döyüşlər davam edib. Lakin 1993-cü ildə ölkəmizdə 4 iyun Gəncə qiyamı baş verəndə bundan məharətlə istifadə edən erməni ordusu 1993-cü il iyulun 7-də  Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal etdi. Ağdərə alınmaz qalaya çevrilmiş, Ermənistan ordusunun bölmələri burada möhkəmlənmişdi.  2016-cı ilin aprelində Qarabağda gedən qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu.  Silahlı Qüvvələrimiz Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad etdi.  Lakin Seysulana nəzarəti əldə saxlamaq mümkün olmadı.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi  keçmiş Ağdərə rayonunun ərazisindəki Madagiz (Suqovuşan qəsəbəsi) və Talış kəndi düşməndən tamamilə azad olundu. Üçtərəfli Bəyanatın müddəalarını kobud surətdə pozan Ermənistan ordusu 2021-ci il  avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat hadisəsi törətdi. 

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi,  həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.  Əməliyyat zamanı qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı,  keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbələr endirildi.  Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi, həmçinin bir neçə D-30 haubitsası,  hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

Rəsmi Bakı dəfələrlə bildirirdi ki,  üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir.  Həmin ərazilərin demilitarizasiyası,  Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləqdir. Lakin bu çağırışlara biganə yanaşılırdı.

Məhz bundan sonra, ölkəmizin suveren ərazilərində terror və təxribatın qarşısını qətiyyətlə almaq üçün 19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror tədbirləri çox sarsıdıcı oldu və 23 saatdan sonra separatçılar, Ermənistan ordusunun qalıqları ağ bayraq qaldırdılar. Sentyabrın 24-də Ağdərə işğaldan azad edildi. Qalib Ali Baş Komandan  İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.  Ağdərədə dalğalanan bayrağımız hər bir azərbaycanlıya qürur və iftixar yaşadır.  Azərbaycan tarixinin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə dövlət başçısı İlham Əliyevin liderlik missiyasının ən parlaq ifadəsi,  təzahürü və təsdiqidir.  Bu gün Azərbaycan dövləti daha bir nümunə göstərir,  Ermənistanın və havadarlarının xaraba qoyduqları rayonlarımızı,  kəndlərimizi öz maliyə imkanları hesabına yenidən qurur,  abadlaşdırır,   bu yerlərə həyat gətirir. Yaxın zamanlarda Ağdərə də öz keçmişinə və xoşbəxt gələcəyinə qovuşacaq.

Salman ALIOĞLU,

"Respublika".