Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir
Region

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib.

 Tədbiri Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açıb. Sonra KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında innovativ texnologiyaların rolu”, ƏETİ-nin direktoru Faiq Xudayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” və Qobustan BTS-nin direktoru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzuları üzrə çıxış ediblər.

 Tədbirin keçirilməsində əsas məqsəd son illər qlobal iqlim dəyişikliyi ilə bağlı dəmyə əkinçiliyində olan problemlərin həlli yolları, quraqlığa davamlı sortlardan istifadə və innovativ resursqoruyucu texnologiyaların taxılçılıqda tətbiqinin əhəmiyyətini tədbir iştirakçılarına bildirməkdən ibarət olub.

Tədbirdə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, o cümlədən bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbər və nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul və digər rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.  

 

M.NƏRİMANOĞLU,

“Respublika”