AĞDƏRƏNİN XOŞBƏXT GƏLƏCƏYƏ APARAN GÜNLƏRİ
Sosial həyat

AĞDƏRƏNİN XOŞBƏXT GƏLƏCƏYƏ APARAN GÜNLƏRİ

İki əsrdən artıqdır ki, Azərbaycanın ərazisi düşünülmüş şəkildə parçalanaraq kimlərəsə hədiyyə verilmiş və ya torpaqlarımızda başqa bir dövlət yaradılmışdır. Bu işdə əsasən ermənipərəst ölkələrin rolu böyük olmuşdur. Doğma Vətənimizin torpaqlarının zəbt olunması dörd bir tərəfdən çox ustalıqla həyata keçirilmişdir. Məsələ bundadır ki, Azərbaycanın ən münbit, əlverişli məkanları əldən getmişdir. Bir faktı vurğulamaq lazımdır ki, təxminən iki əsr bundan əvvəl ermənilər dünyanın bir sıra yerlərindən köçürülərək Azərbaycanın Qərb bölgəsinin İrəvan mahalında məskunlaşdırılmışlar.

İrəvan şəhəri Cənubi Qafqazın ən gözəl bir məkanıdır. Lakin onlar bununla kifayətlənməyərək Ağbaba, Göyçə, Vedi, Zəngəzur və başqa yerlərə də zaman-zaman erməniləri yerləşdirmişlər. Əsl faciə də elə bundan sonra başlamışdır.

Mənfur ermənilər azərbaycanlıları öz doğma vətənlərindən deportasiya etmək üçün hər tərəfdə saysız-hesabsız terror aktları törətmişlər. İnsanlara ağlagəlməz işgəncələr vermişlər. 1905-1920, 1948-1953, 1988-1992-ci illərdə havadarlarının köməkliyi ilə əhalinin kütləvi deportasiyasını həyata keçirmişlər.

Bu acgözlər bir əsr yarım bundan qabaq Qarabağa üz tutmuş, təəssüflər olsun ki, məqsədlərinə nail olmuşlar. Yəni Qarabağda məskunlaşmışlar. Ən nəhayət, onlar "dənizdən-dənizə böyük Ermənistan" qurmaq xəyalına düşmüşlər.

Bəllidir ki, ermənilərin xəstə təxəyyülləri daim başlarına bəla olmuş, lakin heç zaman bundan nəticə çıxarmamışlar. Sakit, dinc qonşuluq şəraitində yaşamaq əvəzinə, azərbaycanlıların qanına susamış, günahsız insanları qətlə yetirmişlər. Saysız-hesabsız faciələr törətmişlər.

Qarabağ Azərbaycanın mirvarisi, incisidir. Mübaliğəsiz demək olar ki, bu yerlər əsl cənnətməkandır. İlin bütün fəsillərində ecazkar gözəlliyi, füsunkar təbiəti ilə görənləri valeh edir. Belə məkanlardan biri də Ağdərə rayonudur. Ağdərə Xankəndi şəhərindən 62 kilometr şimalda yerləşir. Rayon 1930-cu ildə yaradılıb.

Rayon faydalı qazıntılarla zəngindir. Qızıl, mis, qurğuşun, dəmirli mis, Canyataq-Gülyataq qızıl yatağı, mişar daşı yatağı, gəc yataqlarını mənfur düşmən 30 il istismar etmişdir. Eyni zamanda bölgə tarixi abidələrlə zəngin diyardır.

Əvvəllər rayon sakinlərinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olmuşdur. XIX əsrin əvvəllərindən çar Rusiyası erməniləri Qarabağa köçürdükdən sonra azərbaycanlıların sayı sürətlə azalmış, ermənilərin sayı isə artmışdır.

1930-1992-ci illərdə rayon Mardakert adlandırılmış, 1992-ci ildə əvvəlki Ağdərə adı bərpa olunmuşdur. Ərazini Xaçınçay, Tərtərçay və digər kiçik çaylar daha da gözəlləşdirir. 1990-cı illərdə müəyyən səbəblər üzündən İnzibati rayon statusu ləğv edilmiş, Ağdərənin kəndləri Kəlbəcər, Ağdam və Tərtər rayonlarının ərazisi kimi tanınmışdır. 

2023-cü il Müzəffər Ordumuzun apardığı lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin olundu. Ermənilər könüllü olaraq Ermənistana getməyə qərar verdilər. Hazırda Ağdərənin inzibati rayon statusunun bərpa olunması məsələsi bu yerin sakinlərinin həddən artıq sevincinə səbəb olmuşdur.

Əslən Ağdərənin Umudlu kəndindən olan BDU-nun dissertantı Türkan Qasımzadə bizimlə maraqlı həmsöhbət oldu. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirir və dünya icmaiyyətində mübariz, rəşadətli dövlət başçısı kimi öz imzasını tarixin qızıl səhifələrinə həkk edir. Müdrik liderimizin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası bütün sahələrdə öz bəhrəsini verir.  Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Bütün bu sadalananlar biz gənclər tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. 44 gün davam edən müharibə 2020-ci ildə 8 noyabr Zəfəri ilə başa çatdı. Qarabağlı bir gənc kimi gözümün önündən getməyən tək kadr igid oğullarımızın bu döyüşlərə yüksək əhvali-ruhiyyə ilə girməklə ermənilərə, hətta  dünya hərb tarixinə bir məktəb keçmələri oldu. Allah şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun. Həyat yoldaşım - Səmədov Zəka Vətən müharibəsi iştirakçısı, 6 medalla təltif edilmişdir, veterandır, hazırda canla, başla Qarabağda xidmət edir. Mən Bakı Dövlət Universitetinin elmi işçisiyəm. Mövzum "Qafqazda münaqişələrin tənzimlənməsi prosesində Heydər Əliyevin fəaliyyəti" (1993-2003) adlı tədqiqatdır və müdafiə ərəfəsindədir. Ailəvi olaraq arzumuz Qarabağda  yaşamaq və orada elmi tədqiqatlarımı  davam etdirməkdir. Onu da qeyd edim ki, "Qarabağın Ağdərəsi" adlı monoqrafiyası üzərində 10 ildir işləyirəm. İşıq üzü görmək üzrədir. Ümidvaram ki, bu monoqrafiyanın təqdimatı Qarabağımızın dilbər guşəsi Ağdərədə keçiriləcək.

Digər həmsöhbətim 1979-cu ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuş Vaqif Əliyevdir. Onun uşaqlıq illəri füsunkar mənzərəsi olan adıçəkilən məkanda keçmişdir. Bizimlə söhbət zamanı vurğuladı ki, kəndi tərk edəndə 13 yaşım var idi. Hələ çox şeyi dərk etmirdim. Valideynlərim bizi kənddən çıxararkən əsl həqiqəti gizlədirdilər. Mən elə zənn edirdim ki, tez bir zamanda kəndimizə qayıdacağıq, yenə də nəğməli Tərtərçayın sahillərində, füsunkar mənzərəli meşələrdə uşaqlıq həyatımızı yaşayacağıq. Ancaq bu qayıdış uzun çəkdi. Hər kəs bir daha o yerlərə qayıdışın baş tutmayacağını zənn edirdi. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Müzəffər Ordumuz 2020-ci ildə bəşər tarixində misli-bərabəri olmayan döyüş nümunələri göstərərək cəmi 44 gün ərzində 30 il işğal altında qalan Vətən torpaqlarımızı işğaldan azad etdi.

2022-ci il 19 sentyabr tarixində 1 sutkadan da az müddət ərzində igid əsgərlərimiz lokal xarakterli antiterror tədbirləri həyata keçirərək heç bir mülki əhaliyə və obyektə zərər yetirmədən işğal altında olan torpaqlarımızı, o cümlədən doğma kəndimiz Çərəktarı azad etdilər.

Beləliklə, mənim və həmyerlilərimin Vətənə qayıdış arzusu gerçəkləşdi. Hazırda işğaldan azad olunan ərazilərdə sürətli quruculuq və abadlıq işləri aparılması nəticəsində ərazilər günbəgün gözəlləşir, müasir məkanlardan birinə çevrilir. İnsanların rahat yaşaması üçün hər cür şərait yaradılır.

Sakinlər böyük sevinc hissilə doğma vətənlərinə qayıdırlar. Əldə etdiyimiz məlumata görə, ermənilər kəndimizə çox ziyan vurublar. Qəbiristanlığı, insanların inanc yerlərini, eləcə də kənd ərazisində mövcud olan Alban kilsəsinin bir tərəfini yerlə-yeksan etmişlər. Bununla belə, ermənilər bu yerlərin guya ermənilərin tarixi vətənləri olduğu haqqında tamamilə yalan iddialarla dünya ictimaiyyətini aldatmağa çalışmışlar.

Sevindirici haldır ki, ermənilərin bu kimi iddialarına artıq tamamilə son qoyulmuşdur. Tezliklə Ağdərənin sakinləri doğma yerlərinə qayıdacaq, əvvəlki çal-çağırlı xoşbəxt günlər başlayacaqdır. Çərəktar kəndi buz bulaqları, müxtəlif meyvə və giləmeyvələr və başqa qiymətli ağaclarla zəngin meşələrə malikdir. Tərtər çayı kəndi iki hissəyə bölür. Tezliklə öz vətənimizə qayıdacağıq. Dövlətimizin yaratdığı münbit şəraitdən bəhrələnərək gözəl, rahat həyat tərzimizi quracağıq.

Vəli VƏLİYEV,

"Respublika".