AĞSTAFA: “İLHAM ƏLİYEV ZİRVƏSİ”NƏ YÜRÜŞ
Region

AĞSTAFA: “İLHAM ƏLİYEV ZİRVƏSİ”NƏ YÜRÜŞ

2023-cü ilin  “Heydər Əliyev  İli”  elan edilməsi   həmçinin  18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar 26  aprel 2023-cü il  tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Ağstafa Rayon İcra  Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən “İlham Əliyev adına zirvə”yə Niva markalı avtomobillərlə  yürüş təşkil  edilmişdir.

Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin qarşısında  ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlamış yürüş 44 günlük Vətən müharibəsində qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və cəsurcasına döyüşərək yaralanan qazilərimizin,  rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissənin komandanlığı, Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinin Ağstafa rayon filialının rəhbərliyi, Bakı Dövlət Universitetinin Qazax filialının alimləri və rayon ziyalıları,  “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsi”nin rəhbərliyi və könüllüləri,   digər idarə və təşkilatların məsul şəxslərinin, həmçinin  qoruq ərazisində  elmi-tədqiqat işləri aparmış alimlərin  iştirakı ilə  baş tutmuşdur.

Yürüş iştirakçıları üçrəngli Azərbaycan bayrağı sancılmış Niva markalı avtomobillərlə    “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə  yola düşmüş, Ağstafa-Poylu-Gürcüstan yolunun 38-ci kilometrliyində qoruğa məxsus məlumat lövhəsinin önündə dayanmış və  bununla da yürüşün birinci mərhələsi başa çatdırılmışdır. Sonra yürüşün ikinci mərhələsinə  start verilmiş  və  qoruğa məxsus informasiya mərkəzində dayanaraq   bələdçilər tərəfindən  iştirakçılara kurqanlar  haqqında məlumatlar verilmiş, daha sonra isə qonaqlar “Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” adlı layihə əsasında  44 günlük Vətən müharibəsində torpaq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə salınmış “Badam bağı” ilə tanış olmuşlar.

Yürüş iştirakçılarını qarşılayan 5 ədəd  Dilbaz atı ilə çaparlar  avtomobillərin önündə dayanaraq qonaqları salamlamış, ölkə Prezidenti cənab İlham Əliyevin şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə”yə çatan qonaqlar   milli musiqi sədaları altında qarşılanmışdır. Qonaqlar ölkəmizdə,  həmçinin bölgəmizdə yerləşən abidələrdən  bəhs edən çap məhsullarından ibarət sərgi ilə  tanış olmuşlar.  Daha sonra  yürüş iştirakçıları  qoruq ərazisində yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla, su quyuları, ərzaq anbarları və digər abidələrlə tanış olmuşlar.

Yürüşün rəsmi hissəsini qoruğun direktoru Musa Mursaquliyev açaraq   qonaqları salamlamış və bildirmişdir ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibətilə ölkə ərazisində silsilə tədbirlər keçirilir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən  təşkil olunan yürüş də bu tədbirlərdən biridir.  Tədbirin bədii hissəsində milli geyimli rəqqasların ifasında milli rəqslərimiz  və ustad aşıq, Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, fəxri və  Əməkdar mədəniyyət işçisi, şəhid atası Hüseyn Əzizoğlunun ifasında isə Azərbaycanın qədim saz havaları nümayiş olunmuşdur.  Milli mətbəximizin ən gözəl və ləziz təamlarını nümayiş etdirmək üçün qurulan saclarda göy qutabı  hazırlanmış, kəklikotulu samovar çayı, milli şirniyyatlarımız süfrəni  bəzəmişdir.

Tədbir ağacəkmə aksiyası ilə davam etdirilmiş, ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkilmişdir.

Vəli VƏLİYEV,

“Respublika”.