Alessandro Frakassetti: “ASAN xidmət” və “ABAD”la əməkdaşlıqdan məmnunuq
MÜSAHİBƏLƏR

Alessandro Frakassetti: “ASAN xidmət” və “ABAD”la əməkdaşlıqdan məmnunuq

Biz gözəl Şəkidə ailələrin, yəni tədbirimizin iştirakçılarının başladıqları bizneslə tanış olduq. Hazırda onlar istehsal etdikləri məhsulları Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində satırlar. Düşünürük ki, bu model, yəni kiçik biznesin inkişafı modeli tədricən ölkənin digər bölgələrində də yaradıla bilər. Biz burada fərdi uğur hekayələrini gördük. Onlar həmin insanlardır ki, öz istedadlarına, sahibkarlıq bacarıqlarına inanıb təlimlərə qatılıb, öz bizneslərini yaradıb və satışlara başlayıblar. Biz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) olaraq, bu layihəyə maliyyə dəstəyi göstərən Avropa İttifaqı ilə əməkdaşlıqdan çox məmnunuq. İstərdik ki, bu kimi layihələr vasitəsilə regionlarda sahibkarlıq inkişaf etsin, Azərbaycanın bölgə əhalisi daha da firavan yaşasın.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti Şəkidə jurnalistlərə müsahibəsində deyib.

“Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi müxtəlif təşkilatlar arasında əməkdaşlığın bariz nümunəsidir. Biz layihə çərçivəsində “ASAN xidmət” və “ABAD”la əməkdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq modeli gələcəkdə ölkənin digər bölgələrində də tətbiq edilə bilər. Yerli əhali yaradılan bu əməkdaşlıq imkanlarından faydalanaraq inkişafa doğru addım ata bilər. Biz, BMT İP olaraq, bu prosesdə onlara dəstək olmağa hazırıq”, - deyə Alessandro Frakassetti vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən “ABAD” publik hüquqi şəxs ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılıb.

AZƏRTAC