AMEA ilə ULAKBİM arasında elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüş
Elm və təhsil

AMEA ilə ULAKBİM arasında elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüş

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) nümayəndələri arasında "Zoom" platforması vasitəsilə onlayn görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili məsələlərinin müzakirəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ULAKBİM-in nümayəndələrini salamlayıb, son illərdə ölkələrimiz arasında əlaqələrin dövlət başçılarımızın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Azərbaycanla Türkiyənin bütün sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib.

Akademik İsa Həbibbəyli AMEA ilə TÜBİTAK-ın uzun illərdir səmərəli əməkdaşlıq etdiyini, qurumun rəhbəri, professor Hasan Mandalla görüşləri zamanı elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığa dair müzakirələrin aparıldığını deyib. Qeyd edib ki, bu gün qarşıda duran başlıca məqsəd yeniləşən Akademiya yaratmaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurları cəmiyyətimizə, dünyaya təqdim etməklə bərabər, elektron xidmətlər şəbəkəsinin genişləndirilməkdir.

"Əgər beş il əvvəl İnformasiya Texnologiyaları Cəmiyyətindən danışırdıqsa, artıq elektron dünyanın yarandığını demək mümkündür. Biz Vikipediyada Azərbaycanın yerini qüvvətləndirmək istəyirik. Akademiyanın institutlarının saytlarının müasir dövrün tələblərinə uyğun yenilənməsi, bir neçə dildə fəaliyyət göstərməsi istiqamətində işlər davam etdirilir. "Google Scholar" və digər elmi platformalarda alimlərimizin akademik profillərinin açılması yönündə fəaliyyətimiz genişlənməkdədir. Həmçinin, elmi nəşrlərimizin beynəlxalq bazalarda yerləşdirilməsinə çalışırıq. AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsində maraqlıyıq. Bundan əlavə, humanitar və ictimai elmləri əhatə edən jurnallarımızın beynəlxalq bazalara daxil edilməsi qarşıdakı hədəflərimizdəndir. Beynəlxalq elmi reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması istiqamətində çalışırıq və bütün bu işləri qardaş Türkiyə ilə birgə görmək istəyirik. Bunun üçün MDB məkanında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında elektron xidmətlərin təşkili üçün "Elektron Akademiya" şöbəsi yaradılıb. Alimlərimizin məqalələrinə DOİ almaq istiqamətində işlər yekunlaşır. Elektron xidmətlər sahəsində birgə yol xəritəsini müəyyənləşdirməyi planlaşdırırıq", - deyə akademik vurğulayıb.

Sonra ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu çıxış edərək AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını, Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi verəcəklərini bildirib. Qeyd edib ki, bu gün ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir və bu da elmi qurumlarımızın bir-birinə dəstək verməsinə, birgə irəliləməsinə yeni üfüqlər açır.

"Elektron Akademiya" şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov isə ingilisdilli mühitdən fərqli olaraq, ULAKBİM tərəfindən Azərbaycan, Türkiyə və digər türkdilli ölkələrin elmi jurnalları üçün elmmetrik bazalarda "Türk indeksi"nin hazırlanmasını yüksək qiymətləndirib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli görüşü yüksək qiymətləndirib, AMEA-nın tarixində yeni bir mərhələnin açıldığını və yeniləşən Akademiya uğrunda qarşıya qoyulan hədəflərə çatmaq üçün nəzərdə tutulan fəaliyyətin bundan sonra da inamla davam etdiriləcəyini söyləyib.

"Respublika".