Amerikanın
Siyasət

Amerikanın "böyük marionet" istəyi

ABŞ-ın yürütdüyü siyasət getdikcə əks-nəticə verməyə başlayıb. Belə ki, bəzi araşdırmaçılar Ağ Ev prezidenti Co Baydenin xarici diplomatiyasını son 50 ilin ən uğursuz siyasəti adlandırıb.

Baş verən hadisələr fonunda ABŞ-ın nüfuzlu mətbu orqanı olan "New York Times"ın redaktoru Anne Boyer bu siyasəti açıq-aşkar tənqid edib. O, qəzetin ABŞ-ın qərəzli siyasətini dəstəkləyən yazılar tirajlamasına etiraz edərək istefa verib. İsrail ilə HƏMAS arasında olan müharibəni alovlandıran Ağ Evin riyakar siyasəti artıq ölkə daxilində də narazılıqlara yol açıb.

Artıq sirr deyil ki, Pentaqonun bəzi siyasətçiləri ölkənin nüfuzundan pis məqsədlər üçün istifadə edirlər. İstər Rusiya-Ukrayna, istər İsrail-HƏMAS, istərsə də Azərbaycan-Ermənistan münaqişələri zamanı Pentaqon təmsilçilərinin qərəzli bəyanatları, sülh əvəzinə şəxsi mənafeyin üstün tutulması adi hala çevrilib. Öz agentura şəbəkələrini dünyanın bütün nöqtələrinə yerləşdirən ABŞ dünyanın supergücü mövqeyi uğrunda müharibələri qızışdırmaqdan çəkinmir. Görünən odur ki, Amerika dünyanı öz marioneti etmək istəyir. Ağ Evin "qara" siyasətçiləri qərəzli şərh verməkdən çəkinmir, öz fikirlərini diktə etmək üçün təzyiqlər göstərməyə çalışırlar. "Rəngli inqilab", "Ərəb baharı" kimi qarşıdurmaların yaranmasına rəvac verən ABŞ və onun agentura şəbəkələri dünyanı ilk öncə qeyri-stabil vəziyyətə gətirmək, daha sonra isə öz qurduğu plan üzrə ora "yardım" bəhanəsi ilə müdaxilə etmək siyasətini artıq uzun müddətdir ki, davam etdirir. Bu məramda onun ən böyük marionetləri isə sözsüz ki, bəzi Qərb dövlətləridir. Məhz Qərbin vasitəçiliyi ilə münaqişələri alovlandırıb sonra dayandırmaq cəhdləri ABŞ-ın riyakar yanaşmasının göstəricisidir.

Son dövrdə isə Ağ Evin ölkəmizə qarşı qarayaxma kampaniyası başlatdığı bəllidir. Erməni lobbisinin dəstəkçiləri hər fürsətdə Azərbaycanı hədələyir, onunla təzyiq dili ilə çalışmağa cəhd edirlər. Lobbinin təsiri isə siyasi dairələr içində "Respublikaçılar" partiyasında daha geniş hiss olunur. Xatırladaq ki, partiyanın üzvü olan prezidentliyə namizəd Vivak Ramasvami ötən ay ermənilərin Bərdəyə atdığı raket görüntülərini guya Azərbaycan tərəfinin Ermənistana atması kimi dəyərləndirmişdir. Məhz bu həftə "Respublikaçılar" partiyasının prezidentliyə namizədləri arasında baş tutan qeyri-rəsmi debat zamanı yenə boş konteksti Azərbaycana qarşı qarayaxma kampaniyası ilə doldurmağa çalışıblar. Aparıcının Qarabağda "ermənilərin etnik təmizlənməsi" ilə bağlı absurd sualına namizədlər özünəməxsus riyakarlıqla cavab veriblər. Mövzu ilə bağlı danışan prezidentliyə namizəd Ron Desantis ABŞ-ın Ermənistandakı xristianları qorumalı olduğunu bildirib. Bəs niyə xüsusi olaraq xristianlar? Bəs tolerantlıq? Digər namizəd Nikki Heyli isə Azərbaycanı qınamalı olduqlarını bildirib. Nəyə əsasən? Azərbaycanın 9 sentyabrda baş verən terror aktını pisləyən ilk dövlətlərdən olduğu və ABŞ-a yardım əlini uzatmağa daima hazır olduğunu bildirdiyinə qarşılıq olaraq bu gün rəsmi Vaşinqtonun dəyəri olmayan "907-ci düzəliş"i davam etdirməsi fonunda hansı dövlətin daha çox qınanmalı olduğu aydın görünür.

Daha yaxından tanıdığımız Vivek Ramasvami isə "dünyanın ən qədim xristian xalqı olan 120 min erməni xristian Qarabağdan qovulub" fikirlərini bildirib. Buradan da erməni lobbisinin dəstəkçisi olan namizədin məlumatsızlıqdan doğan riyakarlığı diqqətdən yayınmayıb. Rəsmi Bakı dəfələrlə öz bəyanatlarında qeyd edib ki, Qarabağda 120 min erməni olmayıb. Əksəriyyət burada döyüşən separatçılar və onların ailə üzvləri olub. Onların da sayının bu qədər şişirdilməsi absurddur. İkincisi isə ermənilərə "dünyanın ən qədim xristian xalqı" şərhinin verilməsi lobbinin dəst-xəttidir. Bərdənin Azərbaycan şəhəri olduğunu bilməyən və ya araşdırmayan Vivek Ramasvaminin erməni xalqının tarixi haqqında bu qədər geniş biliklərə malik olması heç də real görünmür. Bütün günü erməni lobbisinin göstərdiyi perfomans isə ABŞ-da uğursuzluğa düçar olmaq üzrədir desək, hər halda yanılmarıq. Çünki ABŞ dövlət departamentinin noyabrın 17-də yaydığı statistikaya əsasən debatda iştirak edən üç nəfərin ümumi səs faizi 30%-dən aşağıdır. Hələ prezidentliyə namizəd uğrunda iştirakı yenicə təsdiqlənən Donald Trampda isə bu göstərici 59%-dir.

ABŞ-la erməni lobbisinin maraqlarının üst-üstə düşməsi rəsmi Vaşinqtonda azərbaycanofob meyillərinin aktivləşməsinə səbəb olub. Cənubi Qafqazı daima münaqişə altında saxlamaq istəyən Amerika Ermənistan vasitəsilə bu prosesi aparır. İsrail və HƏMAS arasındakı müharibədə qısa taym-aut elan etmək istəyən ABŞ tərəfləri ikinci raunda sürükləyir. Rusiya-Ukrayna müharibəsində isə rəsmi Moskvanın qətiyyətli siyasəti nəticəsində ABŞ buradakı riyakar siyasətini bir müddətlik təxirə salmağa məcbur olub. Hadisələr ABŞ-ı "bumeranq effekti"nə doğru aparır. Belə ki, münaqişə ocaqlarını qızışdıran Ağ Ev ölkə daxilində artan narazılıq fonunda yeni bir etiraz dalğası ilə qarşı-qarşıya qala bilər.

Tacir SADIQOV,

"Respublika".