Aranlıda yeni təhsil ocağı
Region

Aranlıda yeni təhsil ocağı

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır".

Neçə illər idi ki, rayonumuzun böyük yaşayış məntəqəsindən olan Aranlı kəndindəki 1 nömrəli tam orta məktəb çox yararsız vəziyyətə düşmüşdü. Hətta bir mətbu orqan olaraq dəfələrlə öz sözümüzü aidiyyəti təşkilatlara çatdırmış, 14 dekabr 2022-ci il tarixdə "Təmirə ehtiyacı olan məktəb" başlığı ilə qəzetimizdə məqalə də çap etmişdik. Həmin vaxt İmişli rayonunda Birinci Qarabağ şəhidi Yusif Sadadxanov adına Aranlı kənd tam orta məktəbində də olmuşduq. Məktəblə yaxından tanışlıqdan sonra görülən işlərlə də maraqlandıq. Məktəbin direktoru Anar Ələkbərov həmin vaxt rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı fikirlərini də açıqladı. Qeyd etdi ki, məktəbdə 2021-2022-ci tədris ilinə 13 sinif komplektində 477 nəfər şagird təhsilə cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur. Məktəbimizin müəllimləri şagirdlərimizin təhsil almaları və təlim-tərbiyəsi üçün səylə çalışırlar. Belə bir məsəl var: sağlam bədəndə sağlam ruh olar. Məktəbimizin indiki vəziyyəti şagirdlərimizin normal təhsil alması üçün yararlı deyil. Stol-stul və dərs ləvazimatı ilə bağlı heç bir problemimiz olmasa da, əsas məsələ ondadır ki, məktəbin bünövrəsi 1969-cu ildə qoyulub, 1972-ci ildə istifadəyə verilib. 1993-cü ildən 1997-ci ilə qədər məktəbin çox hissəsində Füzulidən olan keçmiş məcburi köçkünlər məskunlaşmışlar. İndi qapılar bərbad haldadır, pəncərələrin şüşələri yoxdur. İdman zalının taxtadan olan 5 pəncərəsi çürüyüb. Divarların suvaqları uçub tökülür, regiondan bizə hər ay 130 litr neft və odun verirlər. Lakin odunlar yaş olduğundan sobalar yanmır. Qış qapını alıb, əslində 15 noyabrdan bütün siniflərdə sobalar yanmalıdır, odun sobalarına tüstü çəkən borular da verilməyib. Anar müəllim qeyd etmişdi ki, məktəb 1980-ci ildə bircə dəfə cari təmir olunub. Məktəbin əsaslı təmiri və ya burada yeni məktəb binasının tikilməsi ilə bağlı ötən illər ərzində çox vədlər verilmişdir.

Məktəbin direktoru ilə budəfəki görüşümüz də yadda qalan oldu. Görülmüş işləri müşahidə edə-edə söhbətə başladıq:

- Kəndimizin sakinlərinin, müəllim və şagird kontingentinin sevinci yerə-göyə sığmır. Müstəqil və suveren respublikamızda gedən inkişaf və tərəqqi hamımızın ürəyincədir. Cənab Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi, təhsilə də sonsuz diqqət və qayğısı ziyalılar tərəfindən təqdir olunur. Kəndimizin, eləcə də rayonumuzun ən qocaman təhsil ocaqlarından olan 1 nömrəli məktəb həmişə öz qabaqcıl ənənələri ilə diqqət çəkmişdir. Kəndimizdən olan ziyalılarımızın böyük əksəriyyəti bu məktəbin yetirmələridir. Sizin də bildiyiniz kimi, köhnə bina olduqca dözülməz vəziyyətə düşmüşdü. Çox şükürlər ki, bizi yada saldılar. 1 avqust 2023-cü ildə başlanan tikinti işləri Heydər Əliyev Fondunun maddi dəstəyi ilə həyata keçirilir. Çox möhtəşəm, keyfiyyətli iş görülür. 624 şagird yerlik bu üçmərtəbəli bina öz gözəlliyi, əzəməti ilə hamını heyran edir. Təhsil müəssisəsində 479 nəfər şagird təhsil alacaq ki, onların da təlim-tərbiyəsi ilə 28 pedaqoq məşğul olacaq. 26 sinif otağı, 5 fənn kabinetindən ibarət binada 120 nəfərlik akt zalı, 45-50 yerlik yeməkxana, böyük idman zalı, laboratoriyalar hazırdır. Bundan başqa, bina isti və soyuq su ilə, həmçinin tam mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Məktəbin həyətində idman meydançası var, gül-çiçək, 700-ə yaxın şam ağacları göz oxşayır. Yaxın günlərdə məktəbimizin təntənəli açılışı olacaq və bina müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bu, Heydər Əliyev Fondunun Aranlı kənd sakinlərinə möhtəşəm bir hədiyyəsi olacaq.

Direktorla söhbətimizi başa vurub bir neçə şəkil fotoobyektə alırıq. Hara baxırsan, göz oxşayır, xoş ovqat formalaşıb: "Görülən işdən gül ətri gəlir". Doğrudan da belədir. Artıq son tamamlama işləri görülür. Hər bir insanın ömür, həyat yolu məktəbdən başlayır. Peşəsindən asılı olmayaraq cəmiyyətdə özünə layiqli yer tutan hər bir insan müqəddəs məktəbə borcludur.

Ərəstun ABDULOV,

"Respublika".