ELMİ KONFRANS
Region

ELMİ KONFRANS

Lənkəran Regional Elmi Mərkəzi Quba Soyqırımı Memorial Kompleksi ilə birgə "1918-ci ildə Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı" mövzusunda "Zoom" platforması vasitəsilə elmi konfrans keçirib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın moderatoru, Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, xalqımız soyqırımın 106-cı ildönümünü qeyd edir. Bu dəhşətli, qanlı faciənin obyektiv surətdə araşdırılması və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı və mühüm tarixi əhəmiyyətli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin "1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı Sərəncamda ermənilərin əsrlər boyu havadarlarına arxalanaraq yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlər, etnik təmizlənmə, soyqırımı və terror aktları tarixi faktlar əsasında təhlil edilərək ölkə və beynəlxalq ictimaiyyətin mühakiməsinə verilib.

Tarix isə heç zaman unudulmur. Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova konfrans iştirakçılarına 1918-ci ildə törədilmiş Quba soyqırımı haqqında ətraflı məlumat verib.

Konfransda qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının ayrı-ayrı bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı tablolarından biridir. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində minlərlə azərbaycanlı amansızcasına öldürülüb və itkin düşüb.

Soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".