Arazdəyəndə yeni zavodun tikilməsi beynəlxalq hüquqa ziddir
Digər xəbərlər

Arazdəyəndə yeni zavodun tikilməsi beynəlxalq hüquqa ziddir

İyulun 18-də Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə bağlı təcili tədbir görülməsi tələb olunur.

"Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir…", - deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, buna qədər iyulun 7-də Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb. Məktubda, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlıq ifadə olunub. Həmin məktuba imza atan QHT nümayəndələrindən biri də Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimlidir.

QHT nümayəndəsi məsələ ilə əlaqədar açıqlama verərək bildirib ki, bundan bir müddət əvvəl erməni mətbuatında yayılan bir məlumatdan Ermənistan Respublikasının yeni bir qızışdırıcı xarakterli addım atmağa hazırlaşdığı bəlli oldu.  Bu dəfə hərbi cəhətdən məğlubiyyətin əvəzini daha qlobal bir hücumla çıxmaq istəkləri ortada idi. İlkin kapitalı təqribən 70 milyon dollar olmaqla ABŞ sərmayəli bir metallurgiya zavodu tikmək kimi təhlükəli hərəkət etirazlara səbəb oldu.

Bildiyiniz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə ən yaxın yerdə - Arazdəyən qəsəbələri yaxınlığında inşası nəzərdə tutulan bu zavod həm havadan, həm də axar sular vasitəsilə ölkəmizə və qonşu dövlətlərə olduqca böyük təhlükə mənbəyidir.

Ona görə də biz ekologiya yönümlü QHT rəhbərləri toplaşaraq Ermənistan Baş naziri Paşinyana müraciət hazırlayıb yayımladıq.  Məktubda göstərilir ki, tikilməsi planlaşdırılan bu zavod sərhədimizə yaxın olduğu üçün bizim ölkə ilə razılaşdırılmaması ilkin olaraq beynəlxalq hüquqa ziddir.  İkincisi, Ermənistan vətəndaşları da daxil olmaqla, bizim yurddaşlarımızın və coğrafiyamızda insanların sağlamlığını təhlükə altında qoyur. Eyni zamanda oradan axıdılan zəhərli çirkab suları transsərhəd Araz çayı vasitəsilə torpaqlarımızı zəhərləyəcəkdir.  Belə bir məsələyə biganə qalmayaraq biz Paşinyanı düzgün düşünməyə və bu addımdan çəkinməyə çağırdıq.  Bundan sonra ölkəmizin gələcək cavab tədbirlərinin məsuliyyətinin onun və komandasının üzərinə düşəcəyini bildirdik.

Musa BAĞIRLI,

"Respublika".