Arzuları yarımçıq qaldı...
Sosial həyat

Arzuları yarımçıq qaldı...

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub. Elşən 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı olur. Universitet həyatının ikinci ilində Elşən "Erasmus +" proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir. 2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan "Bərdə arxeoloji tədqiqatları" layihəsinin iştirakçısı olmuşdur.

Rus və ingilis dillərini mükəmməl bilən Elşənin vətən sevgisi onun təhsil istəyindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq, o əsgər getməyi özünə borc bilir.

2019-cu ildə ali məktəbi bitirdikdən sonra 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılır. Tərtərdəki "N" saylı hərbi hissədə vətənə xidmətini davam etdirir. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak edir. 15 oktyabr tarixindən sonra Elşəndən xəbər almaq mümkün olmur. 1 ay sonra Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına şəhid olur. Noyabrın 18-də Bakı şəhərində son mənzilə yola salınır. Elşən Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.

Elşənin atası Fuad Salayev: "Elşən həyat eşqi ilə dolu gənc idi və bunu onu tanıyan hər kəs hiss edirdi. İnsanlarla ünsiyyəti sevirdi, bundan xüsusi zövq alırdı. Hər anını maraqlı etməyi bacarırdı. Daim nəsə öyrənirdi, araşdırırdı. Xarici dillərə marağı var idi. Ona təcrübə qazandıracaq, inkişafına pay qatacaq seminarlara, başqa fəaliyyətlərə önəm verirdi. Oxumağa, öyrənməyə həvəsli uşaq idi. Universitetə də yüksək balla qəbul olmuşdu. Bizimlə öz arzularını, xəyallarını, planlarını bölüşürdü. Mən onların hər birini ciddi qəbul edirdim. Çünki onun bacarığına, istedadına bələd idim. Uşaqlığından bunu hiss edirdim. Ona görə bilirdim ki, istəyirsə, çalışırsa, əldə edir. Arxeologiyanı seçmişdi. Gələcəkdə elmlə məşğul olmaq istəyirdi".

Universitet vaxtı qrup nümayəndəsi olan Elşən müəllimlərin yaddaşında həm də fəal tələbə kimi yadda qalıb. BDU-da müəllimi olmuş Əsgər Zeynalabdinov: "Mən onlara Slavyan ölkələri tarixi fənnini tədris edirdim. İlk olaraq qeyd edim qrup nümayəndəsi kimi çox məsuliyyətli tələbə idi. Çox savadlı və ağıllı olması ilə diqqətimi çəkmişdi. Mövzuların müzakirəsi zamanı gözəl analizlər aparır və dəyərli fikirlər söyləyirdi, özünəməxsus yanaşması olurdu. Həmişə ona deyirdim ki, sən beynəlxalq əlaqələr sahəsində çox yaxşı mütəxəssis kimi yetişə bilərsən. O isə ən çox arxeologiyanı sevdiyini bildirirdi. Hətta bir neçə arxeoloji qazıntılarda iştirak etmişdi. Hər dəfə bunu böyük həvəslə danışır və gələcəkdə arxeoloq olacağını qeyd edirdi. Öz savadı, bacarığı tarixi hadisələrə yanaşma tərzi müxtəlif mövzular ətrafında müzakirələr aparmaq qabiliyyəti onu digər tələbələrdən fərqləndirirdi. O, torpaqlarımızın azadlığı uğrunda ən yüksək pilləyə - şəhidlik zirvəsinə yüksəlib".

Canını Vətən yolunda qurban verən Elşən qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

Prezident İlham Əliyevin sərəncamı ilə Elşən Salayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

M.MİRZƏ,

"Respublika".