Avropa İttifaqı, yoxsa siyasi avantüra meydanı?
Siyasət

Avropa İttifaqı, yoxsa siyasi avantüra meydanı?

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel 2023-cü il noyabrın  13-də Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilir ki, regiondakı reallıqları təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir.

Qeyd olunur ki, Avropa İttifaqı 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə biganə yanaşıb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətlərə, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktına qarşı səssiz qalıb. Bütün bunların fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir: "Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib". Bəyanatda o da qeyd olunur ki, Aİ üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq doğurur. Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan hərbiləşmə siyasətini dəstəkləmək yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır. Bunun məsuliyyəti, eyni zamanda, Aİ-nin üzərinə düşür.

Brüsselin Bakıya qarşı bu cür qərəzli münasibəti suallar ortaya çıxarır. Azərbaycan Avropa üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Brüsselin Azərbaycana böyük ehtiyacının olması heç kəsə sirr deyil. Kollektiv Qərbin tərkib hissəsi kimi Avropa İttifaqı ölkələri çox ciddi enerji böhranı yaşayır. Azərbaycana qarşı qərəzli fikirlər səsləndirən Jozep Borrel ilin əvvəlində Qərbin ciddi enerji böhranı ilə üz-üzə qaldığını bildirib və Azərbaycana ehtiyacın olduğunu vurğulayıb. Özlərinin qaza olan tələbatının təxminən 40 faizini, 150 milyard kubmetrini Rusiyanın hesabına ödəyən Avropa İttifaqı ölkələri indi bu sahədə ciddi problemlə üz-üzə qalıblar. Bu baxımdan, ölkəmizi ittifaq dövlətləri üçün yeni alternativ enerji mənbəyi kimi qiymətləndirirlər. Məhz Aİ rəhbərliyi Azərbaycandan 2027-ci ilə qədər Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılmasını xahiş edib.

Avropa İttifaqında işğalçıya açıq şəkildə dəstək verən və Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyan Fransa, həmçinin onun əlaltısı olan dövlətlər var. Rəsmi Paris Ermənistanı silahlandırmaq yolunu seçib. Bu, eyni zamanda revanşizmə dəstək, Üçüncü Qarabağ müharibəsinə Ermənistanı təhrik etmək deməkdir. Onu da nəzərə almaq lazımdır ki, Fransa Avropa İttifaqının siyasi qanadında əsas dövlətdir və o, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün deyil, müharibənin başlanması üçün çalışır. Neokolonialist siyasətini bu gün də davam etdirən Fransa Azərbaycanın da sıx əlaqələrinin olduğu türk dövlətlərinə uran üçün müraciət edib, bu isə absurd bir düşüncədir.

Fransa həm də ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edib və bu münaqişənin həllinə "töhfə" vermək öhdəliyi götürüb. 30 il ərzində Fransa sülhün əldə olunması üçün deyil, əksinə, prosesin ləngiməsi üçün çalışıb. Bu 2012-ci ildə Parisdə Azərbaycan və Ermənistan arasında baş tutan görüşdən sonra daha aydın görünüb. Fransa öz vasitəçiliyi ilə Azərbaycanın əzəli torpaqlarının Ermənistana verilməsi üçün əlindən gələni edib.

Brüsselin Azərbaycanla münasibətlərdə qeyri-səmimi davranışı onun Mərkəzi Asiya ilə münasibətlərinə təsirsiz ötüşmür. Rəsmi Brüssel də yaxşı bilir ki, Avropa İttifaqının strateji maraqlarının Mərkəzi Asiya regionunda təmsilçiliyi üçün Azərbaycan faktoru önəmlidir. Azərbaycana qərəzli münasibət ittifaqın sözügedən regiondakı planlarını da alt-üst edir. Cənubi Qafqazda tezliklə sülhün əldə olunması Qərbi yeni münaqişə ocaqları axtarmağa məcbur edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".