Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib
Siyasət

Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul ediləcək: "İTV namizədlərin qatıldığı - "Diqqət mərkəzi - Seçki" verilişini sosial şəbəkə platformaları üzərindən yayımlayacaq. Bu da əlavə imkandır. Artıq İTV-də mövzular da razılaşdırılıb. Namizədlər razılaşdırılmış mövzular ətrafında debatlara çıxacaqlar. İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlərə 1 saatlıq efir vaxtı veriləcək. Həftənin 1, 3, 5-ci günləri efir vaxtı televiziyada, 2, 4, 6-cı günləri isə radioda təşkil ediləcək. Püşkatma Komissiyası artıq 2 gün bundan öncə formalaşdırılıb".

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Böyük Qurtuluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Tacir SADIQOV,

"Respublika".