Əlaqələrin pozitiv inkişafı üçün fürsət yaranıb
Siyasət

Əlaqələrin pozitiv inkişafı üçün fürsət yaranıb

Azərbaycan və ABŞ arasında olan münasibətlər son dövrlərdə ziddiyyətli xarakter alsa da, müəyyən fikir ayrı-seçkiliyi olsa da, bu gün Azərbaycan Cənubi Qafqazda önəmli geosiyasi aktordur və ABŞ bunu çox gözəl başa düşür. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında (MTK) ABŞ dövlət katibi Antoni Blinkinlə görüşü zamanı da verdiyi mesajlar onu göstərir ki, Azərbaycan sülhə sadiqdir, ABŞ ilə əməkdaşlığa isə böyük önəm verir.

Digər tərəfdən, Azərbaycanla ABŞ arasında olan ikitərəfli münasibətlər Ermənistandan asılı olmamalı, onun əsirinə və girovuna çevrilməməlidir. Bu, o deməkdir ki, Ermənistan tərəfi Azərbaycan-ABŞ münasibətlərini zədələmək və burada öz məqsədlərinə nail olmaq üçün çox çalışır. Son dönəmlərdə gərgin olan vəziyyət stabilləşməyə doğru gedir, artıq əlaqələrdə yeni mərhələnin başlandığını da görürük. Nəinki Antoni Blinken, ümumilikdə üç yüksək vəzifəli ABŞ rəsmisi ilə cənab Prezident İlham Əliyev Münxendə görüş keçirdi. Onlardan biri bizim çox yaxşı tanıdığımız bədnam "907-ci düzəliş"in təşəbbüskarı olan Con Kerri idi. Ölkə başçımız İlham Əliyevə böyük hörmət göstərən Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri ötən əsrin sonunda etdiyi "səhv"ə görə bir növ peşman görünürdü.

MTK-da ABŞ-la Azərbaycan arasında ekoloji sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə ilkin razılığa gəlindi. Amerika Birləşmiş Ştatları bu sahədə Azərbaycana dəstəyini daha da artırmaqda maraqlıdır. Ölkə başçısının MTK-da keçirdiyi 29 görüş onu deməyə əsas verir ki, beynəlxalq terrorizmlə mübarizə, təhlükəsizliyin təmin olunması, alternativ və bərpaolunan enerji, ekologiya və enerji təhlükəsizliyi sahələrində bizim çox möhkəm təməllər üzərində dayanan münasibətlərimiz mövcuddur. ABŞ kimi nəhəng ölkələr isə Azərbaycan nümunəsindən istifadə etmək üçün ölkəmizlə əməkdaşlığı gücləndirmək istəyirlər.

İlyas HÜSEYNOV,

politoloq.