Avropa Palamentinin əhəmiyyətsiz qətnamələri
Siyasət

Avropa Palamentinin əhəmiyyətsiz qətnamələri

Rəşadətli Azərbaycan ordusu Vətən müharibəsində düşməni döyüş meydanında məhv etdi. Dövlət başçımız, müdrik, uzaqgörən lider İlham Əliyevin düzgün qərarları, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində düşmən diplomatiya meydanında da rəzil oldu. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, onu haqq yolundan, həqiqət uğrunda mübarizədən heç bir qüvvə döndərə bilməz. Öz liderinin dərin zəkasına arxalanan xalqımız taleyüklü məsələnin həllində milli birlik, vətəndaş həmrəyliyi nümayiş etdirərək Zəfər yolunda onunla birgə addımladı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi bir çox ermənipərəst qüvvələrin kürkünə birə saldı. 30 il başlarının altına yastıq qoyub mışıl-mışıl yatanlar heç yuxularında da görmədilər ki, gün gələcək çərxi-fələk dönəcək. Haqq, ədalət geciksə də, öz yerini tapacaq. Vaxt-vədə yetişdi, nəyi necə və nə vaxt etməyi çox gözəl bilən Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatının başlamasına əmr verdi. Azərbaycan Ordusu öz torpaqlarında hərbi əməliyyatlara başladı, cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Artıq 3 ildir ki, Avropa Şurası Parlament Assambleyasının gözünə yuxu getmir. Gecəsini-gündüzünə qatıb ele hey fikirləşir, götür-qoy edir ki, Azərbaycan əleyhinə daha hansı qətnaməni qəbul etsin. Bir deyil, iki deyil… 2020-ci ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edərkən ölkə başçımız bu barədə demişdir: "Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir".

Bu gün ikili standartlar, ölkəmizə qarşı əsassız iddialar davam edir. Avropa Parlamenti də "öz missiyasına" sadiq qalaraq daim erməni lobbisinin könlünü xoş etmək üçün əlindən gələni əsirgəmir. Ötən il mart ayının 10-da Avropa Parlamenti Qarabağda erməni mədəni irsinin dağıdılması ilə bağlı qətnamə qəbul etdi. Bu, Avropa dövlətlərinin hələ 30 il Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın, ayrı-seçkiliyin təzahürü idi. Parlamentin qəbul etdiyi "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qərəzli qətnamədə Azərbaycan tərəfindən Qarabağda erməni mədəni irsinin inkar və məhv edildiyi, bu hərəkətlərlə beynəlxalq hüquq normalarının pozulduğu, bölgədə erməni irsinin qəsdən saxtalaşdırıldığı, erməni kilsələri üzərindəki yazıların silindiyi vurğulanır. Qeyd olunur ki, ermənifobiya, ermənilərə qarşı kin, nifrət bəsləyən azərbaycanlılar "erməni mədəni irsinin" silinməsi siyasəti həyata keçiriblər. 635 nəfərin lehinə, 2 nəfərin əleyhinə səs verdiyi, 42 nəfərin isə bitərəf qaldığı qətnamədə Avropa Parlamenti Qarabağda "xristian mədəniyyəti abidələrinin zədələnməsi və dağıdılmasından" ciddi narahatlığını bildirir. Lakin nədənsə, Azərbaycan torpaqları 30 il işğal altında qaldığı müddətdə bu qurum heç bir narahatlıq keçirməmişdi. Sözsüz ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən bəyanat, qəbul edilən hər hansısa qətnamə dövlətimizin tutduğu düzgün yolu dəyişdirə bilməz. Amma milçək bir şey olmasa da, könül bulandırır...

Bu ilin mart ayında da Avropa Parlamenti "Azərbaycanın Ermənistana hərbi təcavüzü", "Laçın yolunun blokadası", "Minsk qrupu", "Dağlıq Qarabağın statusu" kimi məsələləri müzakirəyə çıxararaq daha bir qərəzli qətnamə qəbul edib. Qeyd edək ki, Avropa Parlamentində təmsil olunan ölkələrin böyük əksəriyyəti Azərbaycan-Türkiyə birliyini həzm edə bilmir, bu həmrəyliyə bacardıqları qədər mane olmağa çalışırlar. Amma qanı bir, canı bir olan, bir millətin iki dövləti bütün dünyaya qardaşlıq, dostluq nümunəsi göstərir. Nəinki hər hansı bir Avropa dövləti, bütün dünya belə bu birliyə xələl gətirməkdə acizdir. Avropa Parlamentində qəbul olunan qətnamələrin "ssenari müəllifi" isə təbii ki, Fransadır. Bu qətnamədə ekofəalların Laçın yolunda aksiya keçirməsinin gündəmə gətirilməsi də bu ssenarinin tərkib hissəsidir. Belə ki, Azərbaycanın təbii sərvətləri uzun illər Ermənistandan Avropaya daşınıb. Azərbaycanlı ekofəalların 138 gün Laçın yolunda dinc şəklidə aksiya keçirərək ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının qarşısını alması əlbəttə ki, onlara sərf etmədi. Çünki bu təbii sərvətlərdən əldə olunan gəlirlər Avropa Parlamentinin nümayəndələrinin, erməni havadarlarının ciblərinə axırdı. Qurumun qətnamələrinə, digər ölkələrin təzyiqlərinə rəğmən, bu il aprel ayının 23-də Laçın sərhəd-buraxılış məntəqəsi açıldı və bununla da ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı demişdir: "Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir".

İkinci Qarabağ müharibəsinin bitməsindən 3 il keçməsinə və bu müharibəyə son qoyan 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasına baxmayaraq, Ermənistanın qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaması, davamlı olaraq ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf ərazilərdə təxribatlar törətməsi, eyni zamanda dövlətimizin konstitusion hüquqlarına zidd olaraq "prezident seçkiləri" keçirməsi Azərbaycanı lokal antiterror tədbirləri aparmağa vadar etdi. Və bütün dünyaya da məlumdur ki, antiterror tədbirlərində dinc əhaliyə heç bir ziyan dəyməyib. BMT missiyası da bunu təsdiqləyib. Lakin oktyabrın 5-də Avropa Parlamenti öz ənənəsinə sadiq qalaraq növbəti dəfə qərəzli, ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə qəbul edib. Azərbaycan ərazisində Ermənistan Respublikası tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnamənin qəbul edilməsi separatizmə açıq dəstək olmaqla həm də bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Bütün bunlar isə adları korrupsiyada hallanan Avropa Parlamentində təmsil olunan bir sıra deputatların öz seçicilərinin deyil, erməni lobbisinin mənafeyindən çıxış etdiklərini göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".