Azadlıq aşiqi, mətin şair
Mədəniyyət

Azadlıq aşiqi, mətin şair

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir,silahım qələm.

Bu misralar olduqca keşməkeşli həyat yaşayan, ağır sınaqlardan keçən, Tudə - yəni Xalq təxəllüslü azadlıq şairi Əli Tudəyə məxsusdu. Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olsa da, 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Hələ uşaq yaşlarından taleyi gətirməyən Əliyə Tanrı xüsusi bir istedad vermişdi. Valideynlərini erkən itirən yeniyetmə 13 yaşında olanda artıq şeirləri qəzetlərdə çap olunurdu. Həyatın ağır yükü çiyinlərinə düşən Əlinin şeirlərinin mövzusu yaşadığı dövrün, mühitin acınacaqlı olayları, qəm-qüssəsi idi. Sanki onu bu dərdlər şair etmişdi. Çəkdiyi iztirablar, ikiyə bölünmüş Vətənin dərdi şairin taleyinə yansımışdı.

1930-cu illərin repressiya dalğası onların da ailəsindən yan keçmədi. Gənc Əli nənəsi ilə birlikdə Cənubi Azərbaycandan olduqlarına görə İrana sürgün olunur. Burada fəhləliklə məşğul olan Əli yaradıcılığa davam edirdi. Ana dilində danışıb, yazmağın qadağan olunduğu bir mühitdə gənc şairin şeirlərinin qayəsi məhz bu ümummilli dərd idi. Lakin o, şeirlərini heç yerdə çap etdirə bilmirdi. Çəkdiyi əzablar, çətinliklər onu cəsarətli və mətin şair, azadlıq aşiqi kimi yetişdirdi. Əli Tudə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Şair təbiət gözəlliklərindən, eşqdən, məhəbbətdən saysız-hesabsız şeirlər yazsa da, onun yaradıcılığının bir məqsədi, məramı Vətən olub.

Əli Tudə azadlıq aşiqi olmaqla bərabər, Vətən sevdalısı, fədaisi idi. Cənubi və Şimali Azərbaycanın görkəmli şairinin 100 illik yubileyi ərəfəsində “Əli Tudə-100” adlı kitab işıq üzü görüb. Olduqca nəfis bir tərtibatla nəşr olunan kitabda şairə həsr edilən şeirlər, yazılar, fikirlər, sənədlər və maraqlı şəkillər oxucu marağını cəlb edir. Müxtəlif illərdə İlyas Əfəndiyevin, Məmməd Rahimin, Mehdi Hüseynin, Cabir Novruzun, digər şair və yazıçıların publisistik yazılarında Əli Tudə yaradıcılığı, poeziyası haqqında fikirlər yer alır. Dövri mətbuatda, müxtəlif qəzet səhifələrində şair haqqında zaman-zaman çap olunmuş müəllif yazıları da görmək olar.

Şair Cabir Novruz Əli Tudə haqqında yazdığı məqaləsində xüsusi olaraq qeyd edir ki, "Əli Tudənin kitabında toplanan əsərlərin mövzusu müxtəlif və rəngarəngdir. Fars üsuli-idarəsinin zülmü içərisində baş qaldıran inqilabçı Təbriz gəncliyinin ruhu belədir. Bu ruhda bir alov var. Azadlıq alovu! Dünyanın heç bir irticası bu alovu söndürə bilməz. Əli Tudə yaradıcılığı bu inamın gözəl aynasıdır".

Əli Tudə nə qədər dəmir iradəli biri idisə, o qədər də həssas qəlbli insan idi. O, təbiətin gözəllik və incəliyini poetik dilə çevirmişdi. Biz buna söhbət açdığımız kitab səhifələrində də rast gələ bilərik. 

Qoy uca dağların versin baş-başa,

Yarsın dumanları ortadan yarı.

Bu gözəl hüsnünə etsin tamaşa,

Buludsuz göylərin ağ ulduzları.

Görsünlər qızıldır bu yer, bu torpaq,

Cənnət göydə deyil, yerdədir ancaq. 

Həyatda gördüyü bütün çətinlik və zülmlərə rəğmən Əli Tudə olduqca nikbin və həyat dolu insan olub. Poeziyasının fövqündə dayanan Vətənini hər zaman işıqlı və bütöv görmək arzusu ilə yazıb-yaradıb.

Ramidə YAQUBQIZI,

"Respublika".