Azərbaycan COP-29-a uğurla evsahibliyi edəcək
Siyasət

Azərbaycan COP-29-a uğurla evsahibliyi edəcək

Ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirməsi dövlətimizin bu günə kimi qazandığı çoxsaylı uğurlara daha bir əlavədir.  Bu qərarın verilməsi ilk növbədə Respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də beynəlxalq təşkilatların ölkəmizə olan marağından xəbər verir. Ermənistan və onun əlaltısı olan separatçı rejim üzərindəki qələbədən sonra bəşəriyyət üçün olduqca mühüm olan konfransın Azərbaycanda keçirilməsinə razılığın verilməsi bir daha onu göstərir ki, beynəlxalq aləm  dövlətimizin Qarabağ siyasətini hüquqi addım kimi qiymətləndirib.

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da namizədliyini geri götürüb.

Artıq hər kəs indidən tam əmindir ki, Azərbaycan COP-29-a da uğurlu ev sahibliyi edəcək. sınağından da üzüağ çıxacaq. Çünki ölkəmizdə davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir, və bu demək olar ki, ənənə halını alıb. Bunu deməyə əsas verən həm də paytaxt Bakının müasir infrastruktura malik olmasıdır.  Azərbaycanın Avropa Oyunları və İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, geridə qoyduğumuz ildə  Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə yenidən ölkəmizdə keçirilməsi, həmçinin Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani sübutudur.

Azərbaycan dünyada neft və təbii qaz istehsalçısı kimi tanınsa da, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dövlətimizin bu sahəyə olan diqqətininin göstəricisidir.

Ətraf mühitin mühafizəsinə önəm verən Azərbaycan “yaşıl enerji” növlərinin yaradılması istiqamətində böyük əzm nümayiş etdirir. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma işlərində bu amil yüksək dəyərləndirlir. Həmin ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub.

Musa Bağırlı,

“Respublika”.