Müasir tariximizin qızıl səhifələri
Siyasət

Müasir tariximizin qızıl səhifələri

Yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin tərəqqisinə hesablanan uzaqgörən və müdrik addımları ilə ilk günlərdən xalqımızın dərin rəğbətini qazanan dövlətimizin başçısı ötən 20 il ərzində güclü Azərbaycan dövlətini yaratmaqla, Vətən müharibəsində torpaqlarımızı 30 illik erməni işğalından azad etməklə müasir tariximizin qızıl səhifələrini yazmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, ərazi bütövlüyümüz bərpa edilib, bütün sahələr üzrə inkişaf təmin olunub. Xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyevin qurduğu güclü və müasir Azərbaycan dövləti bir çox taleyüklü problemləri geridə qoyaraq, inkişaf etməkdə olan ölkələr sırasında öz layiqli yerini tutub.

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik vəziyyəti daha da kəskinləşdirib. Bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasətilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də qazandığımız bütün nailiyyətlər müstəqilliyimizə sadiq qaldığımıza, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

"İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın". Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin zəngin və qüdrətli dövlətə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən edibdir. Bunun sayəsində Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilibdir.

Dövlət başçısının qəbul etdiyi uzunmüddətli strategiyaların, Dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəlməsinə xidmət etmişdir. Son 20 ildə Ümumi Daxili Məhsul dörd dəfə artmış, yoxsulluq 10 dəfəyədək azalmış, ölkə iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə qoyulmuş, büdcə gəlirlərimiz 30 dəfədən artıq çoxalmışdır. Builki dövlət büdcəmiz rekord həddə çataraq 33 milyard manatı ötmüşdür. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Azərbaycanın sabit və təhlükəsiz şəraitdə hərtərəfli inkişafı, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, bilavasitə təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi dövlətimizin başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etdi. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Müzəffər sərkərdə İlham Əliyev Azərbaycan xalqını arzularına qovuşdurur, onun liderliyi ilə sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Əhalinin sosial müdafiəsi, xüsusilə həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezidentin diqqətindədir. Bu sırada şəhid ailələrinə və müharibə əlillərinə qayğı xüsusi yer tutur. Onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə genişlənib. Təkcə son üç ildə bu qəbildən olan insanlara dövlət tərəfindən 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev, eləcə də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Vətən müharibəsi xalqımızın ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir. Bu gün azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq və bərpa işləri, uğurla həyata keçirilən Böyük Qayıdış proqramı dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində böyük qürur və iftixar hissi doğurur.

Ölkə başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Mustafa KAMAL,

"Respublika".