Azərbaycan humanist siyasət həyata keçirir
Siyasət

Azərbaycan humanist siyasət həyata keçirir

Zəngin tarixi ənənələrə malik olan Azərbaycan sülhsevər, fərqli dinlərin nümayəndələri ilə birgəyaşayışa, multikultural dəyərlərə böyük önəm verən, sivilizasiyaların qovuşduğu ölkə olaraq tanınır. Dialoqlararası mədəniyyəti əsas istiqamət kimi müəyyənləşdirən dövlətimiz multikulturalizm modeli, başqa xalqlarla yüksək ali dəyərlərə söykənən münasibəti ilə dünya ölkələrinə örnəkdir. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi dövlət siyasəti Azərbaycana mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır. Müharibə, münaqişə istəməyən, heç bir ölkənin daxili işlərinə qarışmayan dövlətimizin ərazisində yaşayan bütün xalqların nümayəndələri ölkə vətəndaşları ilə bərabər tutulur, onların hüquqlarının qorunmasına hər cür şərait yaradılır. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulları arasında fərqli millətlərin nümayəndələrinin olması bunu bir daha sübuta yetirir.

Cənubi Qafqazda region xalqları ilə mehriban qonşuluq əlaqələri quran, birgəyaşayışın ən gözəl nümunəsini göstərən Azərbaycan əzəldən əmin-amanlığın, təhlükəsizliyin tərəfdarı olsa da, təəssüf ki, tarix boyu ərazilərimizdə özünə dövlət quran, yeraltı-yerüstü sərvətlərimizdən istifadə edən Ermənistan hər zaman ölkəmizə qarşı məkrli siyasət həyata keçirmiş, xalqımıza olan nifrətini, ədavətini tarixin müxtəlif dövrlərində büruzə vermişdir. Ötən əsrin sonlarında mənfur qonşularımız torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etməklə düşmənçilik mövqeyini bir daha göstərmişdir. 30 il işğalçılıq siyasəti aparan Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün dövlətimizin bütün cəhdlərinə məhəl qoymamış, təxribatçı əməllərinə davam edərək regionun sabitliyini pozmuşdur. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində təcavüzkar Ermənistan soydaşlarımıza qarşı soyqırımı həyata keçirmiş, 1 milyondan çox azərbaycanlını doğma yurd yerlərindən didərgin salmış, məcburi köçkünə çevirmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünə imkan verməyən havadarlarına arxalanan düşmən ölkə işğal etdiyi ərazilərdə ekosid, urbisid həyata keçirmiş, milli-mədəni irsimizi məhv etmiş, qədim tariximizin saxtalaşdırılması, xalqımızın izlərinin bu torpaqlardan silinməsi üçün hər cür yola əl atmışdır. İşğal dövründə şəhərləri, kəndləri darmadağın edən mənfur düşmən daş üstə daş qoymamış, müqəddəs inanc yerlərimizə, məzarlıqlarımıza qarşı təhqiramiz əməllər törətmişdir. Dövlət başçımız iştirak etdiyi beynəlxalq konfranslarda, iclaslarda mötəbər kürsülərdən beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işinə dəstək verməyə çağırmış, ədalətin bərpasına səsləmişdir.

İkinci Qarabağ müharibəsində yağı düşməni hərb meydanında məğlub edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan düşünülmüş siyasəti, güclü iqtisadiyyatı hesabına tarixi ədaləti bərpa etdi. Bütün dünya Azərbaycanın qüdrətinə, hərbi, iqtisadi gücünə şahid oldu. Qalibiyyətimizi, düşmən üzərində qələbəmizi həzm edə bilməyən erməni havadarları isə ölkəmizi dəhşətli müharibə aparmaqda, etnik təmizləmə həyata keçirməkdə ittiham edirlər. Ölkə başçımız Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bu barədə demişdir: "Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik... Daxildə bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir... Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır".

Ermənistanın həm hərbi əməliyyatlarda, həm də siyasət meydanında iflasa uğradığını heç cür qəbul etmək istəməyən erməni lobbisinin Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək səyləri artıq heç bir nəticə vermir. Bu gün ölkədə gedən proseslər, bölgədəki mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi ölkə başçımızın məqsədyönlü siyasətinin nəticəsidir. Demokratik tərəqqi yolu ilə irəliləyən Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi siyasət dövlətçiliyimizin möhkəmlənməsinə, inkişaf etdirilməsinə və milli mənafelərinin qorunmasına xidmət edir. Etibarlı tərəfdaşa, eyni zamanda dost, müttəfiq ölkəyə çevrilən, dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində lider olan ölkəmiz beynəlxalq münasibətlər sistemində çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılmasında regional güc kimi qəbul edilir. Cənubi Qafqazda söz sahibi olan dövlətimiz təhlükəsizliyə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafına mühüm töhfələr verir.

Mehparə ƏLİYEVA,

"Respublika".