Azərbaycan ilə TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub
Siyasət

Azərbaycan ilə TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub

Fevralın 6-da xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.

Ölkəmizin TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.

Bu il təşkilatın ölkəmiz daxil olmaqla, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin TDT-nin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün rəmzi əhəmiyyət daşıdığını vurğulayıb. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində fəal iştirakının təqdirəlayiq olduğunu bildirib.

Baş katib Kubanıçbek Ömüralıyev ölkəmizə növbəti səfərinin tarixi növbədənkənar prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.