Azərbaycan-Macarıstan əlaqələri yeni dünya nizamı kontekstində
Siyasət

Azərbaycan-Macarıstan əlaqələri yeni dünya nizamı kontekstində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər. Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri bu ölkənin mətbuatında geniş şəkildə işıqlandırılıb.

Yayımlanan xəbərlərdə dövlət başçısının səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib. Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb. "Baon" portalında yayımlanan "Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub" sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub. Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib. Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək. Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də yer alıb. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.

Ümumilikdə, Azərbaycanla Macarıstan arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26.0 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollar həcmində ticarət dövriyyəsi qeydə alınıb. Digər tərəfdən, Macarıstanın MVM CEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında bu il iyunun 2-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə, Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.

İki ölkə arasında siyasi dialoq da yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Azərbaycanla Macarıstan arasındakı siyasi və iqtisadi əməkdaşlıq humanitar sahədə də tərəfdaşlığın inkişafını zəruri edir. Belə ki, Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış "Stipendium Hungaricum" proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq davam etdirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Hər il 200 azərbaycanlı tələbə bu fürsətdən yararlana bilir. Təqaüd proqramı kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, səhiyyə elmləri, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmlərini əhatə edir. Nəzərə alsaq ki, Macarıstan Avropanın ən qədim təhsil ocaqlarındandır və qitə üzrə ən yaxşı təhsil standartlarına sahib olan 5 ölkədən biridir, o zaman elm sahəsində əməkdaşlıq azərbaycanlı tələbələrə böyük imkanlar verir. Bu isə dövlətimiz üçün əhəmiyyətli məsələdir. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərin karyera, təhsil, idman və digər sahələrdə aktivliyi, uğurlu olması üçün müxtəlif proqramların icrasında daima maraqlıdır. Eyni zamanda, xaricdə təhsil almaq istəyənlərin sayının artması ölkədə kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Azərbaycan Dillər Universitetində də Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyası və Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan "Arcanum" şirkəti və Macarıstan Respublikasının Eotvos Lorand Universiteti arasında ikitərəfli əməkdaşlığın təməli qoyulub və uğurla davam etdirilir. Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları da genişləndirilir.

Prezident İlham Əliyevin Macarıstana növbəti səfəri də məhz Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir.

Jalə QASIMZADƏ,

"Respublika".