Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ucarda vətəndaşlarla görüşüb
Sosial həyat

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ucarda vətəndaşlarla görüşüb

Azərbaycan Prezidenti  cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov dekabrın 9-da Ucar Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nəriman CAVADOV,

"Respublika".