Azərbaycan Memarlar İttifaqının qış plenumu keçirilib
Digər xəbərlər

Azərbaycan Memarlar İttifaqının qış plenumu keçirilib

Noyabrın 25-də Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin 2022-ci ilin qış plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, plenum iştirakçılarının nəzərdən keçirdikləri birinci məsələ 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar tədbirlər planına həsr olunub.

Plenumu giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan memarlığının inkişafına, memarlıq sənətinə verdiyi töhfələr, göstərdiyi dəstək ölçüyə gəlməzdir. Bu, memarlar üçün də xüsusi il olacaq. Ümummilli liderin xatirəsinə, fəaliyyətinə həsr olunmuş, 1970-ci illərdə, eləcə də müstəqillik dövründə memarlıq sahəsində gördüyü böyük işlərlə bağlı silsilə tədbirlər keçiriləcək.

E.Qasımzadə bildirib ki, tədbirlər çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "XX əsr Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" mövzusunda Plenumun keçirilməsi, həmçinin "MEMAR" elmi, analitik-informasiya jurnalında Heydər Əliyev dövrünə aid məqalələrin, kütləvi informasiya vasitələrində aparıcı memarların çıxışlarının və ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş nəşrlərin çap olunması qərara alınıb.

Eyni zamanda, plenumun iştirakçılarının diqqətinə çatdırılıb ki, bu ilin dekabrın 9-da keçiriləcək Azərbaycan Memarlar İttifaqının qurultayında 5 ildə görülmüş işlərin hesabatı veriləcək.

Sonra Azərbaycan memarlarına Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının təltif etdiyi yubiley medallarının təqdim edilməsi və "İlin ən yaxşı layihəsi (tikilisi)-2022" Beynəlxalq Memarlıq müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

Mükafatlandırma başa çatdıqdan sonra Memarlar İttifaqının İdarə Heyətinin üzvləri XX Qurultaya hazırlıq məsələlərinin müzakirəsinə başlayıblar. Əvvəlcə, Memarlar İttifaqının İdarə Heyətinin 2017-2022-ci illər üzrə görülən işlər barədə hesabatı dinlənilib və Memarlar İttifaqının Təftiş komissiyasının hesabatı haqda fikirlər söylənilib.

Sonra Memarlar İttifaqının hesabat dövrü ərzində fəaliyyətinə qiymət verilməsi barədə qərarın layihəsinə baxılıb və Qurultaya təqdim olunması qərara alınıb.

Plenumda Qurultayın Mandat komissiyasının tərkibi, Hesablama komissiyasının tərkibi və Təftiş komissiyasının tərkibi barədə məlumat dinlənilib, müzakirələr aparılıb və təqdim olunan siyahılar səsə qoyulduqdan sonra qəbul edilib.

İdarə Heyətinin sədri vəzifəsinə irəli sürülən namizədlər və İdarə Heyətinin tərkibinə təklif olunan memarların siyahısına baxılıb, siyahılara yeni namizədlər əlavə olunub. Memarlar İttifaqı yanında Ağsaqqallar Şurasının yaradılması, Şuranın Əsasnaməsinin layihəsinin müzakirəsi və Şuranın tərkibinə təklif olunan memarların siyahısına baxıldıqdan sonra təkliflər səsə qoyulub və qəbul olunub.

Bildirilib ki, gündəlikdəki bütün məsələlər Memarlar İttifaqının Katibliyi tərəfindən baxılaraq, Plenumun müzakirəsinə təqdim edilib.

Tədbirdə "Akademik M.Useynov" xatirə medalına və "Ustad Memar" sertifikatına təklif olunan memarların siyahısı müzakirə olunub.

Sonda Qurultayın Qətnaməsinin və Prezident İlham Əliyevə qurultay nümayəndələrinin müraciətinin layihəsinə baxılıb və hər iki sənədin Qurultaya təqdim olunması qərara alınıb.

Plenumun gündəliyi üzrə müzakirə olunan məsələlər Azərbaycan memarlarının XX qurultayına təqdim olunması üçün hazırlanıb.

AZƏRTAC