İsraillə turizm üzrə əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsindədir
Digər xəbərlər

İsraillə turizm üzrə əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsindədir

İyunun 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İsrail Dövlətinin turizm naziri Haim Katz arasında Azərbaycan-İsrail turizm əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr edilib.

Dövlət Turizm Agentliyinin məlumatında bildirilir ki, görüş zamanı Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərindəki turizm nümayəndəliyinin fəaliyyəti, birbaşa uçuşların sayının artırılması, İsrail universitetləri ilə tələbə mübadiləsi proqramları, birgə turizm məhsullarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi, B2B (biznesdən biznesə) və B2C (biznesdən müştəriyə) formatlı əməkdaşlığın və İsrail media nümayəndələrinin Bakıya səfərlərinin təşkil edilməsi haqqında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı ilə Təl-Əviv şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib. Tədbirdə İsrailin 70-ə yaxın turizm şirkəti və media nümayəndəsi, həmçinin Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) üzv hotel və turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbirin təşkil edilməsində məqsəd Azərbaycanın turizm imkanlarını, eləcə də AZAL-ın beynəlxalq uçuşlarını təqdim etmək, Azərbaycanın yerli turizm şirkətləri və hotelləri ilə İsrailin turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etməkdir.

Fuad Nağıyev çıxışında bildirib ki, şəbəkələşmə və işgüzar münasibətlərin möhkəmləndirilməsi baxımından platforma rolunu oynayan bu kimi tədbirlər həm də iki xalq arasında daim inkişaf edən dostluq münasibətlərini simvolizə edir və İsraillə turizm sektorunda tərəfdaşlıq əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq təşəbbüslərinə dəstək vermək, Azərbaycan və İsrailin turizm potensialının qarşılıqlı formada təbliğinə töhfə vermək əsasdır.

“Respublika”.