Azərbaycan-Polşa əlaqələrinin qədim tarixi var
Siyasət

Azərbaycan-Polşa əlaqələrinin qədim tarixi var

İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra xarici siyasət kursunu milli maraqlarına uyğun olaraq həyata keçirməsi üçün münbit şərait yaransa da, həmin illərdə ölkə daxilində baş verən xaos və Ermənistanın təcavüzü nəticəsində bu işdə bir qədər səngimə müşahidə olunurdu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsilə gənc respublikamızın beynəlxalq aləmdə əlaqələri geniş vüsət aldı. Ulu öndər tərəfindən aparılan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət tezliklə öz bəhrəsini verdi. Ölkəmiz 1993-cü ilin ikinci yarısından etibarən həm ikitərəfli münasibətlər, həm də çoxşaxəli əlaqələr fonunda qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusuna çevrildi. Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları bütün siyasi mərkəzlərin, eləcə də Avropa İttifaqına daxil olan ölkələrin daim diqqət mərkəzində olub. İttifaqa üzv olan Polşa Respublikası Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biridir.

Tarixi mənbələrdə Azərbaycan-Polşa münasibətlərinin yaranması 1472-ci il olaraq göstərilir. Həmin dövrdə Azərbaycan dövləti olan Ağqoyunlular sülaləsi ilə Polşanın Yaqellon sülaləsi ilk dəfə olaraq iki ölkə arasında diplomatik missiyanın əsasını qoyublar. Belə ki, 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik nümayəndə göndərib. Bundan sonrakı dövrlərdə də iki dövlət və xalqlar arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib.

XIX əsrin əvvəllərində Polşa da Azərbaycanla eyni taleyi yaşayıb. Rusiya imperiyasının tərkibində müstəmləkə qurbanına çevrilib. Həmin dövrdə əsir götürülərək Vətənindən didərgin salınan polyaklar Azərbaycana sürgün edilib və həmin polşalılar hesabına güclü polyak icması formalaşıb. Bu icmanın üzvləri həm paytaxt Bakının inkişafında aktiv iştirak edib, həm də "Avropa ədəbiyyatı" kitabxanalarının açılmasına təşəbbüs göstəriblər.

Azərbaycan Elmlər Akademiyası, Bakı İcra Hakimiyyətinin binası, Muxtarovun sarayı, M.Nağıyevin mülkü, Azərbaycan Dövlət Tarix Muzeyinin binası, Dövlət Kukla Teatrının binası polyak memarları tərəfindən tikilib istifadəyə verilib. Həmin memarlar sırasında Y.Qoslavskini, Y.Ploşkonu, K.Skureviçi, E.Skibinskini, K.Bonsoqlebskini, İ.Kşıstaloviçi, A.Koşmskini, P.Zalesskini və P.Kognovitskinin adlarını sadalamaq olar. Qeyd etmək lazımdır ki, Y.Qoslavski, Y.Ploşko, K.Skureviç müəyyən dövrlərdə Bakı şəhərinin baş memarı olmuşlar.

Azərbaycanın neft sənayesinin inkişafında polyak neftçiləri P.Pototski və V.Zqlenitski mühüm yer tuturlar. V.Zqlenitski Xəzər dənizinin şelfində dünyada ilk dəfə neftçıxarmanın layihəsini vermiş, P.Pototski isə bu layihənin həyata keçirilməsində iştirak etmişdir.

XIX əsrin sonu XX əsrin əvvəli Azərbaycan və Polşa arasında əlaqələrin daha fəal inkişafı ilə səciyyələnir. Bu əlaqələr yalnız iqtisadi və mədəni deyil, həmçinin siyasi xarakter də alır. Polşa Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin fevralında rəsmi diplomatik əlaqələr qurur. AXC-nin süqut etməsi Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin dayanmasına səbəb olur.

Sovet İttifaqı dağıldıqdan sonra Polşa Respublikası Hökuməti 27 dekabr 1991-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıyıb və onunla dövlətlərarası münasibətlər qurmağa hazır olduğunu bildirib. Daha sonra 1992-ci il yanvarın 24-də Polşa Respublikasının Xarici İşlər Naziri Kşıştof Skubişevski bununla bağlı müvafiq nota göndərib. Azərbaycan bu notaya fevralın 21-də cavab verib. Bu tarix ölkələrimiz arasında diplomatik münasibətlərin yeniləndiyi tarixi hesab olunur.

1997-ci ildə Ulu Öndərin Polşaya səfəri nəticəsində iki ölkə arasındakı əlaqələr yeni müstəviyə qədəm qoyub. İqtisadi, hüquqi, mədəni, elm və turizm sahələrində imzalanan müqavilələr Azərbaycan-Polşa əlaqələrinin inkişafına zəmin yaradıb. 1998-ci ildə Bakıda Polşa Respublikasının Səfirliyi fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə də Polşa Respublikası ilə əlaqələrə diqqət göstərib. Nəticə etibarilə 2004-cü ildə Polşada Azərbaycan Səfirliyi təsis edilib.

Azərbaycanla ən yüksək səviyyədə siyasi əlaqələrin müntəzəmliyi əsasən mərhum prezident Lex Kaçinskinin prezidentliyi dövrünə təsadüf edir. 2015-ci ildə Andjey Duda Polşa Respublikasının Prezidenti olduğu vaxtdan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Polşaya (2015-ci il - NATO Sammiti, 2017-ci ildə - işgüzar səfər) olub, Polşa Prezidenti isə 2019-cu ildə Azərbaycana rəsmi səfər etmişdir. 2017-ci ildə Prezident İlham Əliyevin Varşavaya səfəri zamanı "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında birgə Bəyannamə" imzalanmışdır.

Musa BAĞIRLI,

"Respublika".