Qarabağdan kimlər keçdi...
Siyasət

Qarabağdan kimlər keçdi...

1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbilə separatçı hərəkata başladılar və bu, getdikcə vüsət alaraq açıq təcavüzə çevrildi. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət" elan etdilər. Bunun ardınca müharibə alovlandı. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər işğalçılar Azərbaycanın bütün cənub-qərbini, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini ələ keçirdilər.

2020-ci il sentyabrın 27-də başlayan Azərbaycanın əks-hücum əməliyyatları və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olundu, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yerləşdirildi. 2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qaldı.

Özünü "Dağlıq Qarabağ respublikası" və ya "Artsax respublikası" adlandıran işğalçı qondarma rejimdə 1991-ci ildən bəri dəfələrlə "seçkilər" keçirildi. Müxtəlif illərdə rejimə Leonard Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik etdi. 2020-ci il mayın 21-də Araik Harutyunyan rəhbərliyə gəldi. 2022-ci il sentyabrın 1-də isə Ruben Vardanyan qondarma qurumun növbəti "lider"i olmaq arzusu ilə Qarabağa "təşrif gətirdi". Beləliklə də onun Qarabağda "siyasi oyunu" başladı. Vardanyan utanmaz-utanmaz Qarabağın ermənilərin torpağı olduğu yalanını təkrarlayır, onu "gələcək nəsillərə ötürmək borcu"nu yada salırdı. Vəzifə təyinatı alanadək "müharibə" sözünü dilinə gətirməyən Ruben "dövlət naziri" təyin olunan kimi bu sözü də işlətdi.

Müəyyən təlimatlarla gələn Vardanyan özünü ilk vaxtdan "sülh göyərçini" kimi göstərirdi. Birinci və İkinci Qarabağ müharibəsində aktiv rol oynamasa, dəstə yaradıb azərbaycanlı kəndlərinə hücum təşkil etməsə də, Araik Harutyunyan təqdimatında Vardanyanın 20 ildən artıq bir müddətdə onların yanında olduğunu deyib. Təbii ki, bu məqamı da təsadüfi qeyd etmir, dolayısilə onu Vardanyanla əvəz etmək istəyənlərə və ya Bakı ilə mümkün danışıqlarda təmsilçiliyinə rəğmən demək istəyirdi ki, "elə o da mənim tayımdır, yəni müharibədə vuruşmasa da, hər cür yardım (əlbəttə ki, silah alınmasını da) edib".

Əlbəttə, bu "yaxınlıq" da uzun sürmədi, tezliklə bu iki cinayətkar qrup arasında "müharibə" başladı.

2022-ci il dekabrın 17-də Ruben təxribata cəhd etdi. Belə ki, o, "34 il əvvəl olduğu kimi" yenidən birlik nümayiş etdirmək lazım gəldiyini söyləyərək mitinq təşkil etmək istədi, lakin istəyi baş tutmadı. Ermənistandan Qarabağa gətirmək istədiyi "muzdlu adamlar"ın sayı yetərincə olmadı. Burada ermənilərin daha bir yalanı üzə çıxdı. Yəni əgər Qarabağda dedikləri kimi, 120 min erməni yaşayırdısa, onda İrəvandan çağırışa nə ehtiyac vardı? Qaldı ki, yerli əhalinin mitinqə toplaşmamasına, deməli, Qarabağ erməniləri anlayırdılar ki, Azərbaycanın ərazi bütövlüyü mübahisə predmeti deyil, Xankəndi Azərbaycandır.

Ruben Qarabağda peyda olduqdan sonra Araik-Ruben cütlüyünün vəzifə, kürsü uğrunda mübarizəsi gücləndi, aralarındakı uçurum dərinləşməyə başladı. Hələ o zaman bəzi siyasi şərhçilər Harutyunyan və Vardanyan arasındakı ziddiyyətli münasibətlərin Qarabağda qondarma cinayətkar rejim daxilində siyasi böhranı daha da dərinləşdirəcəyini qeyd edirdilər. Artıq Vardanyanın ardınca separatçıların daha bir nümayəndəsi, özünü "deputat" elan etmiş Qeqam Stepanyan da ermənilərə müraciət edərək, onları aksiyaya çağırırdı. Stepanyan durmadan Xankəndi və digər şəhərlərdə etiraz aksiyaları təşkil etməyə çağırışlar edirdi.

Ermənilərin bu davranışı heç nəyi dəyişə bilmədi. Faktiki olaraq Qarabağda yaşayan ermənilərin sayı hər kəsə məlum idi və onların hamısı küçələrə çıxmış olsaydı belə, bu, Azərbaycanın mövqeyinə zərrə qədər təsir edə bilməyəcəkdi. Azərbaycan isə mövqeyini 2023-cü il sentyabrın 19-20-də bir daha ortaya qoydu. Qarabağ azadlığa qovuşdu. Qələbə üstünə qələbə gəldi. Separatçı hərəkatın başladığı tarixdən 35 il sonra Xankəndidə Azərbaycan Bayrağı ucaldı, 36 il sonra isə Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri keçirildi. Daha bir qələbə! Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə dövlət bayrağını ucaldarkən demişdi: "...bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik!".

Zümrüd QURBANQIZI,

"Respublika".