Azərbaycan Serbiyaya illik 400 milyon kubmetrə qədər qaz tədarük edəcək
İqtisadiyyat

Azərbaycan Serbiyaya illik 400 milyon kubmetrə qədər qaz tədarük edəcək

Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Energetika Nazirliyindən “Respublika”ya bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin hərtərəfli inkişafında Azərbaycan və Serbiya prezidentlərinin dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Təbii qaz, elektrik enerjisi sahələrində geniş əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli əlaqələrin yeni müstəvidə inkişafı üçün enerji əməkdaşlığının müstəsna əhəmiyyət daşıdığı qeyd edilib və bu xüsusda, Azərbaycan və Serbiyanın təbii qaz sahəsində tərəfdaşlığa böyük önəm verdikləri ifadə olunub.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.