Xarici investorları cəlb edən böyük potensial
İqtisadiyyat

Xarici investorları cəlb edən böyük potensial

İnvestisiyalar ölkəmizin çoxşaxəli inkişafına stimul verir

Dünyada yaşanan təhdidlər fonunda yüksək investisiya qoyuluşuna malik olması ölkəmizin nüfuzunu daha da artırır. Prezident İlham Əliyev respublikamızın investisiya cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son illərdə respublikamızın investisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və ardıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir.

Yüksək səviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Eyni zamanda bu gün, Azərbaycanla əməkdaşlıq etmək və milli iqtisadiyyatımıza sərmayələr yönəltmək istəyən ölkələrin və transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bu sırada öncül yerləri tutan Türkiyənin, Rusiyanın, İranın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın, ABŞ-ın və digər ölkələrin şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik. Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa ölkələrinin payına düşür.

İnvestisiya mühitinin yaxşılaşdırılması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib. Bu sahədə aparılan islahatlardan biri də, kiçik və orta sahibkarlıq subyektlərinin 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilməsidir. Sahibkarlar üçün tətbiq olunan vergi güzəştlərindən biri də kənd təsərrüfatı ilə bağlıdır. 22 noyabr 2013-cü il tarixli 824 nömrəli qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar. İnvestorlarla bağlı güzəştlərdən biri də yaradılmış sənaye parklarının rezidentlərini əhatə edir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, respublikamızın ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradıb. "Financial Times" qrupunun "FDI Intelligence" nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb. Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın "Hell Group" şirkəti tərəfindən 211 milyon ABŞ dolları həcmində sərmayə yatırılacağına dair saziş imzalanıb.

Qeyd edək ki, Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və Macarıstanın "Hell Group" şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin investisiya dəyəri 211 milyon ABŞ dollarıdır. 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb. Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sənaye Parkında Çinin "BYD Company Limited" şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların istehsalı layihəsidir. Layihədə AİŞ payçı kimi iştirak edəcək. BYD şirkəti tərəfindən layihəyə ilkin olaraq 34 mln. ABŞ dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yeri yaradılacaq.

Həmçinin AİŞ və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə uyğun olaraq 2023-cü ildə Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin "BioPharmax" şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisəsinin tikintisi həyata keçirilir. Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin "Demirören" şirkəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Bunlarla yanaşı, dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də, "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün "Azərbaycanda ilk" ("First in Azerbaijan") investisiya təşviqi mexanizminin, eləcə də, ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə "Azərbaycana sərmayə" ("Invest in Azerbaijan") mexanizmlərinin tənzimlənməsi Qaydası" ilə bağlı mühüm müddəalar yer alıb. Bu və digər tədbirlər investorlarda ölkəmizdə müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük inam yaradıb. Son illərdə respublikamıza yönəldilən investisiyaların strukturunda həm daxili, həm də xarici investisiyaların həcmləri böyük rəqəmlərlə ölçülür. Azərbaycan xarici və daxili sərmayələri cəlb etməklə özünün uğurlu inkişafını təmin edir.

Azərbaycan Prezidenti hər zaman xarici şirkətləri ölkəyə dəvət edir, onların biznes fəaliyyətinə şəxsən təminat verdiyini açıqlayır. 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Bu işlərin əsasını nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin salınması təşkil edir. Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2021-ci il dekabrın 10-da Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi müəyyən edilib. Məqsəd işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasıdır.

Mustafa KAMAL,

"Respublika".