Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər inkişaf edir
Türk dünyası

Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər inkişaf edir

Bu gün Azərbaycan region və ətraf ölkələrlə mühüm strateji əməkdaşlıqlar edir. Bir çox yeni tərəfdaşlıqla yanaşı, qədim tarixə dayanan və sarsılmaz dostluqlar da mövcuddur.

Bu baxımdan Orta Asiyaya dövləti olan Qazaxıstan ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycan və Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental amillər birləşdirir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Hər iki ölkə də Böyük "İpək yolu" dövlətləri hesab olunur. Tarix boyu əlaqələrimiz mədəniyyət və ticarət sahəsində böyük inkişaf yolu keçib. Azərbaycan və Qazaxıstan həm müttəfiq, həm də strateji tərəfdaş olan iki qardaş ölkələrdir.

Ölkələrimiz arasında iqtisadi, siyasi, elmi və sair münasibətlər dərin tarixi köklərə söykənir. Bu günə qədər qarşılıqlı əməkdaşlıqla bağlı yüzdən çox sənəd imzalanıb. Bu mənada ölkə başçılarının və rəsmilərinin səfərləri xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, iyunun 22-də Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

İqtisadçı Asif İbrahimov bildirir ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi, ticari və mədəni əlaqələr qədim tarixə malikdir: "Bildiyimiz kimi, Qazaxıstan da Türkdilli xalqlar siyahısına aiddir. Türkdilli xalqların həm ticarət təşkilatlarında, həm də qoşulduğu bir çox forumlarda Azərbaycanla yanaşı, Qazaxıstan da iştirak edir. Dost ölkə hər zaman ölkəmizi dəstəkləyir. 44 günlük Vətən müharibəsi zamanı Qazaxıstanın Azərbaycana verdiyi dəstək bunun bariz nümunəsi idi. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi münasibətlər qədimdən yaransa da, SSRİ dönəmində daha yaxşı inkişaf edib. Belə ki, hazırda Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi 170 milyon ABŞ dollarından çoxdur və ilbəil artan mütənasibdə davam edir. Qazaxıstanda Azərbaycan neftçilərinin neft sənayesinin inkişafında böyük rolu olub. Azərbaycanın iştirak etdiyi bir çox nəqliyyat dəhlizlərində, Şərq-Qərb enerji dəhlizində Qazaxıstan da iştirak edir. Bildiyimiz kimi, Orta Dəhlizə Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Gürcüstan daxildir. Beləcə də Avropaya çıxış təmin olunur. Qazaxıstan burada əsas iştirakçılardandır. Gələcəkdə açılacaq Zəngəzur dəhlizində də dost ölkənin müstəsna rolu olacaq. Yəni Azərbaycan-Qazaxıstan eyni mövqedə olan ölkələrdir.

Qazaxıstandan həm idxalımız, həm də ixracımız mövcuddur. Bu günə qədər Azərbaycan Qazaxıstandan, dost ölkə də bizdən bir çox məhsul idxal edib. Məsələn, Azərbaycan dənli bitkilər, buğda, elektrik dəmir yolu lokomotivləri və sair malların tədarükünü həyata keçirib. Azərbaycan da Qazaxıstana bir çox məhsullar ixrac edir. Bu iqtisadi münasibətlər hər il artan templə inkişaf edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".