“Türkiyə Əsrin Təhsil Modeli
Türk dünyası

“Türkiyə Əsrin Təhsil Modeli" kurikulum layihəsi həyata keçiriləcək

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) tərəfindən ictimaiyyətə təqdim edilən "Türkiyə Əsrin Təhsil Modeli" çərçivəsində hazırlanan yeni kurikulum layihəsi riyaziyyat və alqoritm-informatika arasındakı əlaqə, riyaziyyatın öyrənilməsi və öyrədilməsi proseslərinə xidmət üçün nəzərdə tutulub. Kurikulumun əsas məqsədi qlobal problemlərə daha şüurlu və effektiv yanaşan və elmi inkişafa tez uyğunlaşan fərdlər yetişdirməkdir. Növbəti tədris ilindən məktəbəqədər, ibtidai məktəbin birinci, orta məktəbin beşinci və tam orta məktəbin doqquzuncu siniflərində yeni kurikulum mərhələli şəkildə tətbiq olunacaq.

"Türkiyə Əsrin Təhsil Modeli" layihəsi riyaziyyat sahəsində ibtidai, orta və lisey səviyyələrini əhatə edən və proses komponentləri ilə modelləşdirilə bilən bacarıqlar nəzərə alınmaqla müəyyən edilib. Proqramın qəbul etdiyi bacarıqyönümlü, məna və ehtiyaca əsaslanan yanaşma riyaziyyatı çox sevilən bir kursa çevirmək məqsədi daşıyır. Proqramın mətninə müəllimlərə yeni yanaşmanı anlamağa imkan verəcək və onların təcrübələrinə işıq salacaq hər cür izahatlar daxil edilib.

Riyaziyyat kursu kurikulumunun hazırlanması prosesində ibtidai, orta və lisey komissiyaları "Türkiyə Əsrin Təhsil Modeli"nin strukturuna uyğun olaraq birlikdə çalışıb. İlk növbədə, ibtidai sinifdən ali məktəbə qədər "ədədlər", "həndəsə", "statistika və ehtimal" fənlərinin əlaqə və ardıcıllıqla yerləşdirilməsinə diqqət yetirilib. Daha sonra komissiyalar riyaziyyat fənninin təlimi ilə bağlı məzmunları müəyyən edib və mövzu tərtibatlarını yaradıblar.

Yeni hazırlanan ibtidai sinif riyaziyyat kurikulumunda tədris prosesində  şagirdin riyazi düşünmə qabiliyyətini və düşünmə bacarıqlarını ön plana çıxaran mərhələ ilə öyrənmə məqsədləri proqnoz, zehni əməliyyat və prosedur şəklində verilib. Proqramda məzmun çərçivəsində aparılan sadələşdirmələrdə "Kəsrlər, vaxt, mayenin ölçülməsi, standart ölçü alətləri və əməliyyat prosesləri, təqvim oxu" mövzuları birinci sinifdən çıxarılıb, ikinci sinifdən tətbiq olunacaq. İbtidai məktəbin 1-ci siniflərinə sürətli sayma, forma nümunələri, kodlaşdırma və alqoritm fəaliyyətləri əlavə edilib.

Orta məktəb riyaziyyat kurikulumu hazırlanarkən parçalanmış nailiyyət strukturundan imtina olunub və inteqrasiya olunmuş bacarıqlara, dəyərlərə, savadlılığa, meyilliliyə və sosial-emosional, xüsusən də riyaziyyat sahəsindəki bacarıqlara yönəlmiş proqram yanaşması qəbul edilib. Proqram yüksək səviyyəli tənqidi düşünmə, problem həll etmə və qərar qəbul etmə bacarıqlarının inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.

Milli Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilən "Türkiyə Əsrin Təhsil Modeli" çərçivəsində hazırlanan yeni kurikulum layihəsində Türkiyənin inkişaf layihələri ilə bağlı məzmunlar müxtəlif kurslarda da yer alıb. Layihədə Türk dili və ədəbiyyatı, Türk dili, fizika, kimya, biologiya, riyaziyyat, fəlsəfə, coğrafiya, tarix, elm, ictimai elmlər, insan hüquqları, vətəndaşlıq və demokratiya kurslarında mövcud sahə bacarıqlarına əlavə olaraq, Türkiyə Yüzyıl İnkişaf Layihələr ilə bağlı müxtəlif məzmunlar da qeyd olunub. Bu çərçivədə Mustafa Kamal Atatürkün həyatı, Türkiyə Cümhuriyyətinin quruluş tarixi və onun inkişaf gedişləri Türkiyə Cümhuriyyəti İnqilab və Atatürk Tarixi kursuna daxil edilib.

Orta məktəblərdə təbiət fənni dərslərində şagirdlərə ASELSAN tərəfindən hazırlanmış, ağac, budaq və yarpaq kimi maneələri keçə bilən, tezlik diapazonunda işləyən, hərbi şəraitə uyğun meşə müşahidə radarını araşdırmaq tapşırığı veriləcək. Bu dərsdə tələbələr Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa uçuş tarixini, missiyasını və missiya nişanının mənasını da müzakirə edəcəklər.

Bu kurslarda, həmçinin TÜBİTAK UZAY və TUA tərəfindən aparılan işlər də müzakirə olunacaq.

Biologiya dərslərində şagirdlərə Türkiyə Əsri vizyonunun həyata keçirilməsinə töhfə verəcək referans layihələrdən biri olan "Xüsusi Ətraf Mühitin Mühafizəsi Bölgəsi Bəyannaməsi və Ekosistemin Qorunması layihələri" haqqında məlumat veriləcək. Pandemiya dövründə prof. Dr. Aykut Özdarendeli və komandası tərəfindən hazırlanmış qeyri-aktiv COVID-19 peyvəndi (TURKOVAC) və bu prosesdə digər türk alimlərinin peyvəndin inkişafı ilə bağlı gördüyü işlər haqqında layihə tapşırıqları veriləcək.

Fizika dərslərində tələbələrə nüvə enerjisinin əldə edilməsi üsulu, Türkiyədə və digər ölkələrdə istifadəsinin yayılması, iqtisadiyyata verdiyi töhfə, üstünlükləri və mənfi cəhətləri ilə bağlı performans tapşırığı veriləcək.

Onu da qeyd edək ki, 2023-2024-cü  tədris ilində Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) orta və tam orta, ali təhsil müəssisələrində keçirilən imtahanlarda test üsulu tətbiqini tədricən aradan qaldıraraq, açıq sual-cavablara daha çox üstünlük verib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.