Azərbaycan və Rumıniya parlamentləri arasında əlaqələr müzakirə olunub
Gündəm

Azərbaycan və Rumıniya parlamentləri arasında əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın parlament rəhbərini Rumıniya parlamentində salamlamaqdan məmnunluğunu bildirən Alfred-Robert Simonis bu səfərin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafına, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edilib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Deputatlar Palatasının sədri Prezident İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə səfərlərinin dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinin təzahürü olduğunu bildirib.

Deputatlar Palatasının sədri iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, həmçinin Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb. O, Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.

Görüşdə vurğulanıb ki, Rumıniya dünyada ikinci və Avropa İttifaqı ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkədir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Bu gün Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Azərbaycan və Rumıniya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

Milli Məclisin sədri Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar barədə məlumat verib.

S.Qafarova Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birinin də parlamentlərin qarşılıqlı fəaliyyətinin olduğunu deyib.

Görüşdə parlament komitələrinin fəaliyyəti ilə qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşdirilməsi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.

Sahibə Qafarova, eyni zamanda, bölgədə mövcud vəziyyət barədə qarşı tərəfə geniş məlumat verib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə Rumıniya tərəfinə təşəkkür edib.

Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Qarabağda keçirilən qondarma "seçkiləri" tanımadığını bildirib. Onun sözlərinə görə, qanunun aliliyinə və suverenliyə hörmət bu ölkənin ənənəsidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.