Azərbaycan vətəndaşları Türkiyədə növbəti prezident seçkilərində  Rəcəb Tayyib Ərdoğanı qalib görmək istəyir
Digər xəbərlər

Azərbaycan vətəndaşları Türkiyədə növbəti prezident seçkilərində  Rəcəb Tayyib Ərdoğanı qalib görmək istəyir

Mayın 14- Türkiyədə Prezident parlament seçkiləri keçiriləcək. Bu seçkilər Türkiyə dünyanı olduğu kimi, Azərbaycanı da yaxından maraqlandırır. Azərbaycan-Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır. Bəs, Azərbaycan vətəndaşı Türkiyədə keçiriləcək Prezident seçkilərində kimin qalib gəlməsini istəyir?

Bu məqsədlə Bakı küçələrində sakinlər arasında sorğu keçirilib. Sorğunun nəticələrini təqdim edirik:

 

Mirheydər Abbasov: Türkiyənin son dövrlərdə inkişaf etməsi, iqtisadi baxımdan güclənməsi bizim üçün fəxrdir. Biz qardaşıq, onların güclü olması bizim üçün yaxşıdır. Bizə arxa-dayaqdırlar. Türkiyəni hazırda çətin seçkilər gözləyir. Birmənalı olaraq Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçiləcəyinə əminəm. Çünki onun rəqibinin çıxışlarına baxıram. Yalnız boş avantürist bəyanatlar verir. Ərdoğan isə böyük siyasətçi, böyük şəxsiyyətdir. Hazırda Türk dünyasının böyük liderlərindən biridir.

 

Əliqardaş Məmmədov: Türkiyə son dövrlərdə iqtisadi baxımdan çətinliklərlə üzləşib. Bunun əsas səbəbi isə ölkədə baş verən təbii fəlakətlərdir. Türkiyə böyük dövlətdir iqtisadi baxımdan da qüdrətlidir. Zəlzələ isə onları bir az geri saldı. Qarşıdan gələn seçki prosesi çox ağır olacaq. Amma Ərdoğanın qalib olacağına ümid edirəm. İstər öz vətəndaşlarının, istərsə xarici vətəndaşların ona böyük sevgisi var. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Ərdoğanın əlaqələri lazımdır. Onun xarici ölkə başçıları ilə əlaqələri çox yüksək səviyyədədir. Böyük siyasətçi, uzaqgörən insandır. Milli kimliyə sahibdir. Məncə əsas amillərdən biri odur ki, rəhbər dövlətini, millətini sevsin.

 

Elçin Nağıyev: Türkiyə istənilən sahədə inkişaf edir. İstər iqtisadi, istər sosial, istərsə hərbi baxımından. Hərbi baxımdan inkişaf lap yüksəkdir. Artıq Türkiyə öz silahlarını, pilotsuz uçuş aparatlarını dünyaya satır. 44 günlük müharibə vaxtı Türkiyə hərbi sənayesinin gücünü bütün dünya gördü. Bunların hamısı Ərdoğanın dövründə baş tutub. Bu səbəbdən deyə bilərəm ki, Ərdoğan hakimiyyəti dövründə Türkiyə çox inkişaf edib. İndiki zamanda mənim fikrimcə, Ərdoğanın seçkidə qalib gəlməsi lazımdır. Lakin seçimi Türkiyə vətəndaşları edir. Öz daxili vəziyyətə uyğun seçimləri edəcəklər. Ərdoğan böyük şəxsiyyət, dahi liderdir.

 

Sərdar Orxan: Türkiyənin qüdrətli dövlət kimi, iqtisadi baxımdan güclü olmasının hazırda bir səbəbi var ki, o da Ərdoğandır. Bir türk olaraq Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olmasını istəyirəm. Ərdoğan güclü, qüdrətli liderdir. Müsəlmanların rəhbəridir. Onun terrorçulara, vətən xainlərinə qarşı mübarizəsi sözün əsl mənasında çox önəmlidir. Hər şey düzəlir, əsas odur, Vətən əldən getməsin.

 

Sayad Əlizadə: Türkiyə inkişaf etmiş ölkədir, lideri sözünü deyəndir. Ərdoğan çox təcrübəli insandır. Mütləq yenidən seçkilərdə qalib gəlməlidir. Xalq da onu sevir. Bütün dövlətn başçıları ilə münasibət qurmaq qabiliyyəti var. Türkiyə öz gücünə, sözünə liderinə arxayındır. Bu səbəbdən, Ərdoğana sevgimiz, dəstəyimiz var.

 

Xaləddin Hüseynov: Türkiyə bizim üçün həm din, həm qardaşlıq baxımından dəyərlidir. Dünyada söz sahibidir. Hər zaman qardaş qardaşa arxalanır. Seçkidə birmənalı olaraq Ərdoğan qalib gələcək. Ərdoğanın dünyada misli-bərabəri yoxdur. Mənəviyyatı, tərbiyəsi, insani keyfiyyətləri öz yerində. O, bütün bəşəriyyətə öz humanistliyini, öz dəyərini göstərib.