Azərbaycanda aparılan seçkiqabağı sorğu ilə bağlı tədbir təşkil olunub
Sosial həyat

Azərbaycanda aparılan seçkiqabağı sorğu ilə bağlı tədbir təşkil olunub

Yanvarın 22-də ABŞ-ın "ORACLE ADVISORY GROUP" təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı apardığı seçkiqabağı sorğuya dair tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təmsil etdiyi təşkilat barədə məlumat verən Vlada Galan "ORACLE ADVISORY GROUP" təşkilatının ABŞ, Macarıstan, Rumıniya, İsrail, Çexiya da daxil olmaqla, dünyanın bir çox ölkələrində seçki prosesini izlədiyini bildirib. O deyib ki, Azərbaycandakı seçkilər onların iştirak etdikləri 25-ci qlobal səsvermə olacaq. V.Galan vurğulayıb ki, ölkəmizdə keçirilən seçkilərdə artıq 5-ci dəfədir iştirak edirlər. Təşkilat prezident seçkilərini üçüncü dəfə izləyəcək.

Təşkilatın digər nümayəndəsi George Brinbaum Azərbaycanın 40 bölgəsində səsverməni müşahidə edəcəklərini deyib. O bildirib: "Biz Qarabağ və Şərqi Zəngəzura da gedəcək və əsasən, 4-5 mövzu üzrə sorğular aparacağıq. Bunlara əsasən, ölkənin iqtisadi vəziyyəti, təhlükəsizliyi, Qarabağdakı qazanılan uğurlar daxildir.

Ölkənin 500 məntəqəsində müşahidə aparacağıq, 25 nəzarətçimiz olacaq".

G.Brinbaumun sözlərinə görə, sorğuda alimlərin, ziyalıların fikirləri də öyrəniləcək.

Hər 3 saatdan bir daxili hesabatın hazırlanacağını diqqətə çatdıran "ORACLE ADVISORY GROUP" təşkilatının nümayəndəsi seçkiqabağı sorğu ilə bağlı nəticələrin gələn həftə açıqlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə günü "exit-poll" keçirmək üçün MSK-ya müraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa "exit-poll"u ABŞ-ın "OREACLE ADVISORY GROUP" təşkilatı ilə birgə keçirəcək.