Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi
Sosial həyat

Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı Şəhər Prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, müşavirə iştirakçıları tərəfindən öncə ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirmişdir ki, başa vurduğumuz 2023-cü il Azərbaycan dövləti və Azərbaycan xalqı üçün ən uğurlu illərdən biri olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir sıra vacib hadisələr baş vermiş, bunlardan ən önəmlisi Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin tam bərpa edilməsi olmuşdur.  2023-cü il oktyabr ayının 15-də isə dövlət bayrağımız tarixi Azərbaycan torpaqları olan Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə qaldırılmışdır.

Çıxışda vurğulanmışdır ki, "Yaşıl dünya naminə həmrəylik ili" olan 2024-cü ildə növbədənkənar prezident seçkilərinin və COP29 beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi prokurorluq orqanlarının, o cümlədən paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyur.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2023-cü il  ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 15 min 759 cinayət hadisəsi törədilmişdir ki, onların 87,4%-nin açılması təmin olunmuşdur.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətlərindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilmişdir.

Qeyd edilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9%-nin ödənilməsi təmin olunmuşdur.

Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilmişdir.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə  töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar vermişdir.

“Respublika”.