Azərbaycanda olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə konfrans keçirilib
İdman

Azərbaycanda olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə konfrans keçirilib

ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin və səfirliyin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan qadın güləşi üzrə mütəxəssislərin də iştirakı etdiyi mətbuat konfransı keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev, ABŞ səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci, “Qız kimi güləş” təşkilatının nümayəndəsi Tela Baçer, ABŞ Arkanzas güləş təşkilatının sədri Kristi Man iştirak ediblər.

MOK rəsmisi bildirib ki, ABŞ Dövlət Departamenti tərəfindən gözəl layihə həyata keçirilir və idman vasitəsilə iki ölkə arasında əlaqələrin yaradılması çox yaxşı bir addımdır.

Musayev 8 nəfərlik heyətimizin Amerikada təcrübə proqramına qatıldığını xatırladıb. O, qonaqların ölkəmizin müxtəlif regionlarında olduqlarını da deyib.

Vanessa Zenci, Tela Baçer və Kristi Mann səfərin əhəmiyyətindən, idman mübadiləsi proqramının vacibliyindən söz açıblar. Onlar qarşılıqlı əməkdaşlıq faydalı olacağını vurğulayıblar.

Görüşdə qadın güləşinin perspektivləri və problemləri barədə də fikir mübadiləsi aparıblar.

Töhfə SƏMƏDOVA,

"Respublika".