Qazaxda ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib
İdman

Qazaxda ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib

Oktyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2008-2011-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında idmanın ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib.   

Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirə Qazax, Ağstafa və Tovuz rayonlarından 54 idmançı qatılıb. Birincilikdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində, Ağstafa rayonunda fəaliyyət göstərən “Göyəzən” ağır atletika idman klubunda, Tovuz rayonunda fəaliyyət göstərən “Uğur” ağır atletika idman klubunda məşğul olan idmançılar öz güclərini sınayıblar.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bu cür yarışların idmançıların inkişaf etməsində mühüm rol oynadığını bildirib. Federasiya rəhbərliyi olaraq istər Qazaxda, istərsə də respublikamızın digər bölgələrində idmanın ağırlıqqaldırma növünün inkişaf etdirilməsi üçün qarşıya böyük məqsədlər qoyulduğunu, bu istiqamətdə lazımi addımlar atılacağını diqqətə çatdırıb.

Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə, idmanına qayğı göstərdiyini bildirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, bu il çərçivəsində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tədbirlər Planına uyğun olaraq silsilə idman yarışlarının keçirildiyini, bu birinciliyin də həmin tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Yarışda müxtəlif çəki dərəcələrində qalib olan idmançılara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallar təqdim olunub.

Vəli VƏLİYEV,

“Respublika”.