Azərbaycanda yaşıl enerji imkanlarından istifadə fındığın keyfiyyətini yüksəldəcək
İqtisadiyyat

Azərbaycanda yaşıl enerji imkanlarından istifadə fındığın keyfiyyətini yüksəldəcək

İnnovativ yeniliklərin aqrar sahəyə tətbiqi ölkəmizdə həmişə prioritetdir və məhsul bolluğuna hesablanır. Bu baxımdan, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabatı diqqəti cəlb edir. Hesabatın məqsədi ölkə üzrə fındıq dəyər zəncirində yaranan qalıqların bioenerjiyə çevrilmə imkanlarının dəyərləndirilməsidir. Hesabatda bioenerjiyə yararlı fındıq qalıqlarının həcmi qiymətləndirilərək müəyyən edilmiş texnologiyaların tətbiqi üçün tələb olunan investisiyalar hesablanıb və istixana qazı emissiyalarının azaldılması yolları təqdim edilib.

Qeyd edək ki, "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER" layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 1 iyun 2020-ci il tarixindən etibarən FAO ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilir və Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə idarə edilir. Layihənin milli koordinatoru Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzovdur.

Nazirliyin mətbuat xidməti bildirir ki, "HAZER" layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün fermerlərə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini (GAP) tətbiq etmək imkanı yaratmaqdır.

Hesabat hökumət tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində hazırlanıb.

Nəriman CAVADOV,

"Respublika".