Azərbaycanın 42 hərbçisi Türkiyədə məzun olub
Türk dünyası

Azərbaycanın 42 hərbçisi Türkiyədə məzun olub

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində imzalanmış müqaviləyə əsasən, Türkiyə Milli Müdafiə Universitetini müvəffəqiyyətlə bitirən Azərbaycan Silahlı Qüvvələrinin 42 hərbi qulluqçusuna diplom təqdim edilib. 

Respublika xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. 

Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edən hərbi təhsil müəssisəsindən 19 ölkəni təmsil edən 249 hərbi qulluqçu məzun adını qazanıb. 

Buraxılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib və ölkənin müdafiə naziri Yaşar Gülər iştirak edib. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib. O, azərbaycanlı zabitlərlə görüşərək onları Türkiyənin nüfuzlu hərbi təhsil müəssisəsindən məzun olmaları münasibətilə təbrik edib. Hərbi attaşe məzunların ölkə xaricində aldığı biliklərlə yüksəkixtisaslı kadr kimi Azərbaycan Silahlı Qüvvələrinin dayanıqlı inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayaraq zabitlərimizə Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Jalə QASIMZADƏ, 
“Respublika”.