Azərbaycanın gözü
Region

Azərbaycanın gözü

Şuşa, mən sənin şəninə nə deyim, nə söyləyim ki, hüsnü-cəmalını, gözəlliyini vəsf edə bilim. Səni olduğun kimi tərənnüm edim. Şeir yazım, yox. Sənə cild-cild şeirlər yazılıb, kitablar həsr olunub. Mahnı qoşum, o da yox. Çünki Şuşanın dağları başı dumanlı avazından gözəl heç nə deyə bilməyəcəyəm. Bəs onda neyləyim, nə deyim, Şuşa? Bəlkə, səni bərk-bərk ürəyimə sıxıb qoruyum? Bu da mümkün deyil. Zamanında dişi-dırnağı ilə səni qoruyan oğullardan utanıram. Mənim o qədər qüdrətim, qüvvətim yoxdur, buna hünərim çatmaz.

İndi sənin səmanda işıq saçan günəş yox, şəhid oğulların nurudur, Şuşa. O dağlarda, sıldırım qayalarda Vətən oğlunun ürək yanğısı, odu alovlanır. Müqəddəs şəhid ruhları Cıdır düzündən bütün Qarabağı nura qərq edir. Şuşa, səni bürüyən xəfif dumanları üstünə yorğan kimi çəkən şəhidlər uğrunda can verərək Topxana meşəsinin kölgəsində uyuyurlar. Mürgülü səhərlərdə açan şehli çiçəklərin şəhid qoxuyur. Vətən oğlunun möhtəşəm qalası Şuşa!

Yaxşısı budur, mən səni sevim. Anam kimi, balam kimi, cənnətim, cəh-cəlalım, müqəddəsim, məbədim kimi. Gülünlə, çiçəyinlə, havanla, suyunla, paklığınla sevim səni. Şəhidlər kimi sevim, o şəhidlər ki, bu gün onların sevgisi ən güclü sipər kimi qoruyur səni. Ey nağılların, dastanların qəhrəmanı Şuşa. Tarixin özü, üzü, Azərbaycanın gözü Şuşa. Sən hər bir azərbaycanlı üçün müqəddəs alınmaz qalasan. Amma nə yazıqlar ki, 1992-ci il may ayının 8-i Azərbaycanın baş tacı Şuşa qalası xəyanətin qurbanı oldu. Yağı əlinə keçdi, düşmən caynağında inlədi, 150 nəfər əlil, 200 nəfər şəhid oldu. 68 nəfər isə əsir və itkin düşdü. 552 körpə yetim qaldı.

Düz 28 il gümanını itirmədi. Bir sevda közərdi Şuşa səmasında. Şuşanın əzəməti, mətanəti azalmadı. Əksinə, düşmən qarşısında daha məğrur dayandı. İnandı ki, bir gün Vətən oğulları murdar düşmənin cəngindən xilas edəcək onu. Buna hamımız inanırdıq.

Şuşanın azadlığının təməli Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə gəldiyi vaxtda qoyulmuşdu. Şuşanın azadlığı Ümummilli Liderin arzularının fövqündə dayanırdı. Bu mənada Ulu Öndər deyirdi: "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir".

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycanın müzəffər ordusu Qarabağın incisi olan Şuşanı düşmən işğalından azad etdi. 44 günlük Vətən müharibəsinin hər gününü müjdəli xəbərlərlə yaşayırdıq. Hər qarış torpağımızın azadlığına sevinir, şükürlər edirdik. Amma etiraf edək ki, hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi bir xəbər vardı. Şuşanın azadlığı. Nəhayət, həmin günün sözlə ifadə edilə bilməyəcək sevincini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük fəxarət hissi ilə müjdəli xəbəri verdi: "Şuşa, sən azadsan!".

Bəli, bu gün Şuşa azaddır. Artıq Şuşa yenə də irimiqyaslı tədbirlərin, beynəlxalq görüşlərin keçirildiyi məkana çevrilib, Qafqazın mədəniyyət mərkəzi, Şərq dünyasının Konservatoriyası rolunu oynayır. Burada mühüm, dövlət əhəmiyyətli siyasi tədbirlərlə yanaşı, mədəniyyət, musiqi bayramları, ənənəvi "Xarıbülbül" festivalı keçirilir. Vaqif poeziya günləri qələm adamlarını, şair və yazıçıları Şuşada bir araya gətirir. Şuşa həm də böyük tikinti meydançasına çevrilib. İndi şəhərdə böyük tikinti-bərpa işləri aparılır. Dövlət başçısı Şuşaya səfərlərində aparılan işlərlə yaxından tanış olur. İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfəri çərçivəsində 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında aparılan tikinti işləri ilə tanış olub. Onu da qeyd edək ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdu. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikintisinə bu ilin yanvarında başlanılıb.

Xəstəxananın binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Xəstəxananın ərazisində eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları da inşa olunacaq. Dövlət başçısı, həmçinin Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə də tanış olub. Kənddə özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Yaxın gələcəkdə kəndə 220 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürüləcək əhalinin ümumi sayı isə 1100 nəfər olacaq, sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev tikiləcək. Eyni zamanda, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış 66 ev və 153 ikimərtəbəli fərdi ev də tikiləcək. Kənddə məscid, Bayraq Meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, turizm, istirahət zonalarının və digər infrastrukturların yaradılması planlaşdırılıb.

Prezident İlham Əliyev Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə də tanış olub. Məktəb 960 yerlik üçmərtəbəli binadan ibarətdir. Hər biri 24 yerlik 40 sinif otağı, fizika, kimya, biologiya, texnologiya, informatika otaqları, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, ibtidai hərbi hazırlıq, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, akt zalı və idman zalları var. Ölkə başçısı İlham Əliyevin də dediyi kimi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!".

Ramidə YAQUBQIZI,

"Respublika".