Azərbaycanla Özbəkistan arasında imzalanan sənədlər strateji əhəmiyyətlidir
Türk dünyası

Azərbaycanla Özbəkistan arasında imzalanan sənədlər strateji əhəmiyyətlidir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.  İki ölkə liderinin görüşü zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

 Ümumilikdə, bu səfər bir çox baxımdan diqqət çəkir. Xüsusilə qeyd etmək lazımdır ki, Mirziyoyev Prezident seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana edib. Diplomatiyada bu, səfər edilən ölkənin önəmini göstərir. Siyasi şərhçi Turan Rzayev də bildirir ki, rəsmi Daşkənd Bakını etibarlı tərəfdaş və strateji müttəfiq hesab edir:

"Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb. 2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanmışdı. Prinsip etibarilə imzalanan 20 yeni sənəd bundan öncəki sənədlərin davamı və daha təkmil variantlarıdır. Ümumilikdə isə iki ölkə arasında bu günə qədər 160-dan çox saziş imzalanıb. Bakıda imzalanan 20 sənədin 3-ü xüsusi diqqət çəkir. Birincisi, energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında sazişdir. Çünki hazırda dünyada enerji resursları uğrunda mübarizə gedir və bu resursları əlində tutan ölkələr geosiyasi arenada əsas söz sahibidirlər. Bu baxımdan energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahəsini təşkil edir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında əsas enerji oyunçusu olmaq istəyir. Müəyyən mənada buna nail olmuşuq. Lakin Qərbin mavi qaza və digər enerji resurslarına artan tələbini rəsmi Bakı təkbaşına qarşılaya bilməz. Azərbaycan region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. SOCAR və "Uzbekneftegaz" uzun müddətdir ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. "Uzbekneftegaz"ın Azərbaycanın, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. "Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş" də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir.

İkinci vacib sənəd isə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandumdur. Özbəkistanla Azərbaycanı bir-birinə yaxınlaşdıran səbəblər var. Belə ki, hər iki ölkə yerləşdiyi regionda böyük güclərin hədəfindədir.

Azərbaycan kimi, Özbəkistan da regionda sərbəst siyasət aparmaq istəyir. İki ölkənin bu niyyəti onları bir-birinə yaxınlaşdırır. Hesab etmək olar ki, bu memorandum iki ölkəni xarici siyasətdə ortaq addımlar atmasına, ortaq maraqlar formalaşdırmasına səbəb olacaq. Müqayisə üçün deyək ki, Türkiyə və Azərbaycan uzun illərdir xarici siyasətdə atılan addımları qarşılıqlı şəkildə müzakirə edir, ortaq qərarlar verir.

Üçüncüsü isə, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsidir. İmzalanan 20 sənəd içərisindən ən önəmlisi məhz budur. Belə ki, Azərbaycan və Özbəkistan bir çox sahədə geniş əlaqələrə malikdir. Bu əlaqələrin 2023-2024-cü illər ərzində daha da dərinləşdirilməsi ondan xəbər verir ki, Daşkənd Bakı ilə əlaqələri mərhələli şəkildə inkişaf etdirmək istəyir. Əlbəttə, Daşkəndin bu istəyində qeyri-adi heç nə yoxdur, lakin prosesin yekunu mümkündür ki, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi, Füzuli və ya Daşkənd bəyannaməsi ilə yekunlaşsın. Yəni Azərbaycan-Özbəkistan münasibətləri rəsmi şəkildə hərbi-siyasi müttəfiqlik səviyyəsinə qaldırıla bilər".

Jalə QASIMZADƏ,

"Respublika".