Azercell-in dəstəyilə keçirilən
Digər xəbərlər

Azercell-in dəstəyilə keçirilən "Robotex Türkiyə"nin regional yarışları başa çatıb

100-dən çox komanda növbəti mərhələyə vəsiqə qazanıb

2-3 mart tarixlərində Azercell-in baş sponsorluğu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilən "Robotex Türkiyə"nin regional yarışları başa çatıb. Robot texnologiyaları sahəsində təşkil edilən bu silsilə festival 1500-dən çox iştirakçını öz ətrafında toplayıb.

Azərbaycan və Türkiyədən qatılan gənc iştirakçılar 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim ediblər. Müsabiqədə şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən yarışçılar da iştirak edib. 19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Qızların robot mühəndisliyi, innovasiya, İKT kimi sahələrə marağını daha da artırmaq məqsədilə müsabiqə çərçivəsində xanımlardan ibarət 3 komandaya xüsusi nominasiya üzrə mükafatlar da təqdim edilib.

Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, "Robotex Türkiyə" ölkəmizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və AQSİA-nın dəstəyilə baş tutub.