Bakıda biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusunda konfrans keçirilib
Digər xəbərlər

Bakıda biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusunda konfrans keçirilib

Oktyabrın 19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib: "Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik kimi ümumbəşəri prinsiplər əsasında formalaşdırılan Azərbaycanın Ombudsman təsisatı bu gün üzərinə düşən vəzifələrin icrası istiqamətində uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində vəzifələrə malik Ombudsman təsisatının tam müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılıb.

Azərbaycan Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi 20 illik fəaliyyəti dövründə daim ölkə rəhbərliyinin dəstəyini və qayğısını hiss edib".

Ombudsman bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar çərçivəsində ölkəmizin iqtisadi potensialının və hərbi qüdrətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində uğurlu addımlar atılıb, 30 il erməni işğalı altında olan torpaqlarımız 2020-ci ildə Vətən müharibəsində azad edilib.

"Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlər barədə beynəlxalq təşkilatlara çağırışlar edilib və bu istiqamətdə digər işlər görülüb. Uzun illərdir hüquqları pozulan vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə qayıtmalıdır. Amma Ermənistanın mina terroru nəticəsində bu proses ləngiyir. Mina xəritələrinin ölkəmizə verilməsi üçün beynəlxalq ictimaiyyətə müraciətlər edilib", - deyə S.Əliyeva vurğulayıb.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, biznes və insan hüquqları sahəsində problemlərin araşdırılması prioritetlərdəndir. Ombudsman Aparatı yaradıldığı ildən bəri insan hüquqlarının qorunması sahəsində ciddi işlər görüb. Ölkəmizin biznes sahəsində uğurları artmaqda davam edir. Azərbaycan Ombudsman təsisatı beynəlxalq təşkilatlarla da faydalı əməkdaşlıq edir.

Komitə sədri konfransın biznes və insan hüquqları sahəsində faydalı olacağına əminliyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial və məşğulluq sahəsində insan hüquqlarının qorunması vacib istiqamətdir.

Nazir qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə son 3 il ərzində Azərbaycanda üç böyük sosial islahat paketi həyata keçirilib. Sosial paket çərçivəsində vətəndaşlarımızın sosial hüquqları ciddi şəkildə genişləndirilib və 4 milyona yaxın insanı əhatə edib.

"Bu gün Azərbaycanda həm sosial, həm də məşğulluq göstəriciləri dinamik şəkildə artır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, regionun iqtisadiyyatına inteqrasiyası qarşıda duran əsas vəzifələrdəndir.

Məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlanmanın başlanması əsas hədəflərdəndir. Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", "ASAN xidmət" mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Şuşaya köçəcək insanlar üçün də bu işlər görülür. Bu xidmətlər regional mərkəzlər vasitəsilə Ağdam, Tərtər və digər ərazilərdə də göstəriləcək", - deyə nazir vurğulayıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib ki, müxtəlif qurumlar arasında şəffaflığın artırılması, eləcə də vətəndaş cəmiyyətinə nəzarət istiqamətində ciddi işlər həyata keçirilir. İnsan hüquqları sahəsində ölkəmiz beynəlxalq təşkilatlarda da fəal işlər görür.

O bildirib ki, insan hüquq və azadlıqlarının biznes sahəsində təmin olunması xüsusilə diqqətdə saxlanılır.

Elnur Məmmədov deyib: "Məcburi köçkünlərin problemləri ölkəmizə mənfi təsir edib. Amma 2020-ci ildən sonra Azərbaycan öz torpaqlarını geri qaytardı. Bundan sonra aparılan proseslərdə ərazilərdə canlanma başladı. Qarabağın və Şərqi Zəngəzurun bərpası ölkənin əsas prioritetlərindəndir. Amma Ermənistan mina xəritələrini təhvil vermir, bu da bərpa işlərini ləngidir".

Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, Ombudsman Aparatı təkcə problemləri həll etmir, eyni zamanda, hüquq pozuntularını ictimailəşdirir, icmallaşdırır.

Azərbaycan Sahibkarlar Konfederasiyası uzun illərdir Ombudsman Aparatı ilə qarşılıqlı faydalı əməkdaşlıq edir. Əməkdaşlıqda əsas məqsəd sahibkarların hüquqlarının müdafiəsidir.

Məmməd Musayev qeyd edib ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması əsas məqsədlərdəndir.

ASK prezidenti bildirib ki, Konfederasiya sahibkarların hüququnu qorumaq üçün təkmil struktur formalaşdırıb. Sahibkarların fərdi müraciətləri iclaslarda müzakirə ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: "Biznes sektoru iqtisadi artımın yaradılması, yoxsulluğun azaldılması və qanunun aliliyinə tələbin artırılması baxımından mühüm qüvvə hesab olunur. Əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasında dövlət tərəfindən müxtəlif güzəştlərin həyata keçirilməsi ilə yanaşı, sahibkarların hüquqlarının və marağının effektiv təminatı mühüm amillərdən biridir. Bu baxımdan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də KOB subyektlərinin qanuni mənafelərinin qorunması ilə bağlıdır".

Orxan Məmmədov bildirib ki, sahibkarların məmnunluğunun artırılması, fəaliyyətinin asanlaşdırılması və hüquqlarının müdafiəsinə dəstək göstərmək üçün digər bir önəmli mexanizm kimi KOB evlərini də qeyd etmək olar: "Hazırda iki regionda KOV evi fəaliyyət göstərir. Yaxın zamanlarda daha geniş funksional imkanlara malik olacaq "Bakı KOB evi"nin istifadəyə verilməsi gözlənilir".

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimiz 11 784 kvadratkilometrdir: "Bu, təxminən Livanın ərazisi ilə müqayisə oluna bilər. Ən böyük problemimiz böyük sıxlıqda olan minaların ərazilərimizdə basdırılmasıdır. Ermənistan xəritələri dörd mərhələdə Azərbaycana təqdim edib. Bunların, sadəcə, 20 faizi dəqiq idi".

O bildirib ki, verilmiş mina xəritələri keçmiş təmas xəttinə aid idi. 148 min hektar mina ilə çirklənmiş ərazilərimiz var. Bəzi yerlərdə 1 kvadratmetrdən 8 mina çıxarılıb. Ermənistan heç bir hərbi əhəmiyyəti olmayan yerləri minalayıb. Belə ki, qəbiristanlıqlarda, su kanallarının yaxınlığında, bağlarda ermənilər tərəfindən minalar basdırılıb. Birinci Qarabağ müharibəsindən sonra 3342 nəfər minalardan zərər çəkib. Onlardan 357-si uşaq, 38 isə qadındır.

Konfrans çərçivəsində Azərbaycan və Mərakeş ombudsmanları, həmçinin ölkəmizlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Konfrans sessiyalarla davam edib.

Birinci sessiyada ombudsman və milli insan hüquqları təsisatlarının iqtisadi, sosial hüquqların müdafiəsində rolu mövzusunda çıxışlar edilib.

İkinci sessiyada isə BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrasına dair mövcud təşəbbüs, imkan və problemlər mövzusunda müzakirələr aparılıb.

Konfransın sonuncu sessiyasında ombudsmanlar və milli insan hüquqları təsisatlarının biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarına dair şikayətlərin monitorinqi, qəbulu və pis idarəetmə ilə mübarizədə rolu mövzusunda fikir mübadiləsi olub.

Beynəlxalq konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honkonq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təşkilatlarının rəhbərləri və əməkdaşları, beynəlxalq qurumların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Milli Məclisin deputatları, QHT və media təmsilçiləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, konfransın əsas məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahələrində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, eyni zamanda, biznes və insan hüquqları sahəsində mövcud tendensiyalar, çağırışlar haqqında müzakirələr aparmaq, bu sahədə müsbət ölkə təcrübələrini bölüşməkdir.

AZƏRTAC