Başını uca tut, Azərbaycan!
Siyasət

Başını uca tut, Azərbaycan!

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” Prezident İlham Əliyevin dediyi bu sözlər 3 il bundan öncə öz təsdiqini tapdı. 30 il Ermənistanın sülhə doğru addım atmasını gözlədik. Lakin mənfur düşmən işğal etdiyi torpaqlarımızdan çıxmaq istəmədi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan keçmiş Minsk qrupu faktiki olaraq vəziyyəti dondurmağa çalışırdı. Hətta, beynəlxalq vasitəçilər hesab edirdilər ki, Azərbaycan vəziyyətlə barışacaq. Müstəqil siyasət yürüdən dövlətimiz ermənilərin torpaqlarımızda ikinci dövlət yaratmaq xülyalarının qarşısını qətiyyətlə aldı. Əgər Ermənistan və onu himayə edən xarici qüvvələr sülh çağırışlarına müsbət cavab versəydilər, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz doğma torpaqlarını hərbi yolla işğalçılardan azad etdi. 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Ordumuzun mübarizliyi, yenilməzliyi qəhrəmanlıq dastanına çevrildi. Artıq 3 ildir ki, düşmən üzərində qələbəmizi böyük təntənə ilə, qürur və iftixarla qeyd edirik.

Zəfərimizin 3-cü ildönümü mühüm hadisə ilə yadda qaldı. Bu dəfə böyük qələbəmizi ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən Azərbaycan olaraq qeyd etdik. Xankəndidə keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etdilər. Doğma torpaqlarımız uğrunda canından keçmiş əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 20 il bundan əvvəl ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına söz verən Prezident İlham Əliyev Xankəndidə çıxış edərək sözünün də imzası qədər keçərli bir lider olduğunu sübut etdi. Paradda çıxış edən ölkə başçımız bildirdi ki, biz 20 il ərzində bu günə doğru gedirdik : “Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”. Müzəffər Ali Baş Komandan ordu quruculuğundan, Azərbaycan xalqının əzmindən, şanlı Zəfər tariximizdən söz açıb. Sonda bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edən Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!”, – deyərək hərbi paradı rəsmən açıq elan edib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.