“Bayraktar TB-3” SİHA ilk uçuş testini uğurla başa vurub
Türk dünyası

“Bayraktar TB-3” SİHA ilk uçuş testini uğurla başa vurub

Türkiyə son illər yerli və milli Pilotsuz Uçuş Aparatlarında (PUA) nümayiş etdirdiyi performansla bu sahədə dünyaya liderlik edən ölkələrdən biri sayılır. Belə ki, ''Bayraktar TB-2"dən sonra bu günlərdə Türkiyənin qatlana bilən qanad quruluşuna malik ''TB-3'' Silahlı Pilotsuz Uçuş Aparatı da (PUA) ilk uçuş sınağını uğurla başa vurub.

''Bayraktar TB-3'' qısa müddətdə ''Bayraktar TB-2'' əsasında inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1450 kiloqram uçuş çəkisi, 24 saat havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. "Bayraktar TB-3"ün imkanları bu sinifdən olan pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilikdir.

"Bayraktar TB-2" və "Anka-S"in sahədə balansı dəyişdikdən sonra ən çox maraq doğuran mövzulardan biri də Ankaranın bu platformalardan daha yaxşısını istehsal edib-etməyəcəyi olub. Bu nöqtədə "Baykar"ın "Akıncı Kızılelma" kimi layihələri işə sala bilməsi, TUSAŞ tərəfindən "Aksungur" və "Anka-3" kimi platformaların ortaya çıxması, Türkiyənin bu sahədə sürətini azaltmadan yoluna davam edəcəyinin təsdiqidir.

Artıq Türkiyənin "Baykar" şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış "Bayraktar TB-3" SİHA, ilk uçuş üçün günlərini sayır. Qatlana bilən qanad quruluşu ilə TCG "Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq "TB-3" SİHA, ilk qaçış sınağını müvəffəqiyyətlə tamamlayıb. Təxminən 1900 kilometrlik məsafəyə malik "TB-3"ün aşkarlama, müşahidə, kəşfiyyat və zərbə sahələrində kritik nailiyyətlər təmin edəcəyi gözlənilir. PUA-lar Türkiyə müdafiə sənayesinin bu günə qədər istehsal etdiyi ən yüksək marka dəyərinə malik platformalardan biri kimi önə çıxır. Burada ən vacib element, şübhəsiz ki, bu platformaların bütün dünyada döyüş meydanındakı uğurudur.

"Bayraktar TB-3" həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyalarını yerinə yetirərək, Türkiyənin hərbi gücünə nəzərəçarpan dərəcədə təsir göstərəcək.

"TB-3"ün daşıyacağı faydalı yüklər, gələcəkdə atacağı sursatlar, TCG "Anadolu" başda olmaqla bəzi dəniz platformalarından havaya qalxma keyfiyyətləri ilə diqqət çəkir. Hərbi sənayeni yaxından izləyən insanların demək olar ki, hamısı 1900 kilometr mənzil dəyərinin bu səviyyədəki PUA üçün çox yaxşı rəqəm olduğu qənaətindədir.

"TB-3" sahib olduğu çox geniş bir sahədə bu üstünlüyü təmin edəcək və Ankaranın son illərdə tez-tez vurğuladığı şəbəkə mərkəzli quruluş sayəsində əldə etdiyi bütün məlumatları anında müvafiq yerlərə köçürə biləcək. Bu, çox aydın bir taktiki mənzərənin formalaşmasına böyük töhfə verəcək.

Açıq dənizlərdə Türkiyə üçün böyük qazanc, üç tərəfdən dənizlərlə əhatə olunan və son illərdə Şərqi Aralıq dənizi və Liviya sahillərində daha çox bayraq nümayiş etdirən bir ölkə olmasıdır. Burada ən mühüm məsələlərdən biri açıq dənizdə kəşfiyyat-aşkarlama və müşahidə işlərini nöqsansız icra edə bilməkdir. "TB-3" bu baxımdan Türkiyə üçün son dərəcə vacibdir. Təhdidi uzaqdan müəyyən etmək və bunu 24 saat fasiləsiz olaraq davam etdirmək, şübhəsiz ki, böyük nailiyyətdir. Bu platformalar, hədəf bölgədə müəyyən edilmiş dəniz imicinin yaradılması, aşkarlanan təmasların diaqnostikası, isti təmas və ya müharibə zamanı son mövqelərin yenilənməsi, hədəfin təsviri və zərərin qiymətləndirilməsi kimi məsələlərdə də əsas vəzifələri yerinə yetirə bilər.

Onu da qeyd edək ki, "Baykar" uzun illərdir "TB-3" üzərində işləyir. ABŞ və İsrail də bu sahədə işlərini davam etdirən digər iki ölkədir. Türkiyə "Bahar qalxanı" əməliyyatında PUA-ların istifadəsi ilə bağlı bir konsepsiya sınayıb və uğur qazanıb. Bundan sonra dünya Türkiyəni izləyib. Beləliklə, Ankaranın yenidən rəqiblərinə meydan oxuduğu göz önündədir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.