BDU-nun müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburqa təlim səfəri
Elm və təhsil

BDU-nun müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburqa təlim səfəri

2023-cü ilin 9 oktyabr tarixindən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin rəhbərliyi ilə fakültənin müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburq şəhərinə Avropa Şurasının mənzil-qərargahına təlim səfəri başlamışdır. Səfər Yaxşı İdarəetmə üçün Avropa İttifaqı və Avropa Şurası Tərəfdaşlığı: "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" layihəsi çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təlim səfərinin açılış mərasimində iştirak etmiş, təlim səfərinin əhəmiyyətini vurğulamış, müəllim və tələbələrə uğurlar arzulamışdır. Sonda dekan Zaur Əliyev Hüquq fakültəsinin Avropa Şurası ilə əməkdaşlığı haqqında ətraflı məlumat verərək, layihənin təşkili ilə əlaqədar öz təşəkkürünü bildirmişdir.

***

Avropa Şurasına təlim səfəri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsində hakimlərlə görüş keçirilmişdir. Avropa Məhkəməsində Qərbi azərbaycanlıların ləyaqətli qayıdışı məsələsini gündəmə gətirən dekan Zaur Əliyev Məhkəmənin təcrübəsindən Loizidou Türkiyəyə qarşı, De Bekker Belçikaya qarşı, Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı kimi işlərə istinad edərək, Ermənistanın törətdiyi pozuntuların uzanan pozuntu kimi qiymətləndirilməsinin zəruriliyini hüquqi baxımdan əsaslandırmış və bildirmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən Ermənistan buna görə kompensasiya ödəməlidir. Dekan bildirmişdir ki, baxmayaraq ki, pozuntu halı cavabdeh dövlətin, yəni Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməsi və Avropa Məhkəməsinin yurisdiksiyasını tanıması tarixindən əvvəl baş vermişdir, Məhkəmənin presedent hüququndan çıxış edərək qərbi azərbaycanlılar Ermənistan tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının, xüsusilə də 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilərlər və bunun üçün heç bir hüquqi maneə yoxdur.

***

Hüquq fakültəsinin müəllim və tələbə heyətinin səfəri çərçivəsində İnsan Hüquqları üzrə komissarın Azərbaycan üzrə insan hüquqları məsləhətçisi Furkat Tishaevlə görüşdə dekan Zaur Əliyev Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı problemləri gündəmə gətirmiş və bildirmişdir ki, müharibənin başa çatdığı gündən bu günə qədər 314-dən çox insan minaların qurbanı olub və xüsusilə qeyd olunmalıdır ki, bu insanların cəmi 10%-i hərbçilərdir, qalanları mülki şəxslərdir. Basdırılmış bir sıra minaların Vətən müharibəsinin başa çatmasından sonrakı dövrdə Ermənistanda istehsal olunduğunun sübuta yetirildiyini bildirən dekan qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilmir və beləliklə də onların fundamental hüquq və azadlıqları pozulmaqda davam edir.

Ardınca Zaur Əliyev Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməməsini azərbaycanlıların yaşamaq hüququna qəsd kimi qiymətləndirərək, İnsan Hüquqları üzrə komissarın insan hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan bu cür ciddi məsələyə münasibət bildirməsi ilə bağlı müraciət etmişdir.

Dekan Zaur Əliyev, həmçinin bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın müddətdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş fundamental hüquq və azadlıqları BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair müvafiq qətnamələrinin olmasına baxmayaraq illərlə davam edən zorakılıqlara və beynəlxalq hüquq normalarının pozuntusuna Azərbaycan özü son qoymuşdur.

Komissarlığın nümayəndəsi minalanmış sahələrin ciddi narahatlıq doğurduğunu etiraf edərək bu məsələni və digər qeyd olunan məsələləri Komissarın diqqətinə çatdıracağını bildirmiş və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qeyd-şərtsiz tanındığını vurğulamışdır.

"Respublika".