Milan Politexnik Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb
Elm və təhsil

Milan Politexnik Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb

M ilan Politexnik Universitetinin yeddi nəfərdən ibarət nümayəndə heyəti iyunun 19-22-də İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Memarlıq və dizayn fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılması idi.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Nümayəndə heyəti ölkənin memarlıq və şəhərsalma üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün ADA Universitetinin rektoru Hafiz Paşayev ilə müzakirələrlə yanaşı, bir sıra dövlət qurumları ilə sıx məşvərətlər aparıb. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşlər keçirilib.

İtaliya-Azərbaycan Universiteti hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində, eyni zamanda, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə də görüş keçirilib, əməkdaşlığın çərçivəsi və perspektivi müzakirə edilib.

Eyni zamanda, sözügedən fakültə çərçivəsində yaradılacaq akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün Memarlar İttifaqının İdarə Heyətinin sədri professor Elbay Qasımzadə və bir qrup gənc memar ilə ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, dizayn yönümlü proqramların hazırlanması üçün xalçaçılıq və digər xalq tətbiqi sənət növləri sahəsində ixtisaslaşmış yerli brendlerlə tanış olublar. Habelə nümayəndə heyəti Bakı şəhərinin memarlıq tarixi və ADA Universitetinin kampusunun dizaynı ilə də yaxından tanış olub.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, bu əməkdaşlıq çərçivəsində memarlıq, şəhərsalma, landşaft dizaynı, interyer, kommunikasiya və sənaye dizaynı kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaq. Bu proqramlar Milan Politexnik Universiteti ilə bərabər tədris olunacaqdır.

Milan Politexnik Universitetinin nümayəndə heyəti bildirib ki, bu əməkdaşlıqda məqsəd innovasiyayönümlü, lakin ölkənin milli mədəniyyətini, mənsubiyyətini və ənənələrini özündə ehtiva edəcək proqramlar yaratmaqdır.

Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov və təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC