Bölgələrdə havanın temperaturu 39 dərəcəyədək yüksələcək
Ekologiya

Bölgələrdə havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycanda iyulun 7-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti, dağlarda gecə 11-16°, gündüz 17-22° isti olacaq.